Bütöv Azərbaycan Xalq Cəbhəsi və Təkamül partiyalarının təmsil olunduğu Milli Demokratik Qüvvələr Birliyinin (MDQB) növbəti toplantısı keçirilib. Bu barədə açıqlama verən Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib ki, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi durumla bağlı müzakirələr aparılıb.
MDQB hesab edir ki, son günlər baş verən hadisələr nəzərə alınmaqla Türkiyə ilə Azərbaycan arasında münasibətlər daha yüksək səviyyə çatıdırılmalıdır. Eyni zamanda digər türk dövlətləri ilə münasibətləri ciddi şəkildə yaxşılaşdırmaq gərəkdir: "İndiki şəraitdə çox təəssüf ki, "türkün türkdən başqa dostu yoxdur" deyimi özünü doğruldur. Başqa dövlətlər bizim haqlı mövqeyimizi təəssüf ki, müdafiə etmir. Hazırda Qərb dünyası Türk dünyasına qarşı sanki bir səlib yürüşünə çıxıb".
Teyyub Qəni söyləyib ki, Azərbaycan təhsilinin səviyyəsi ilə bağlı məsələdə xüsusi müzakirə mövzusu olub: "Dəfələrlə deyilib ki, orta məktəblərdə buraxılış imtahanları ali məktəblərə qəbul imtahanının ayrı-ayrı keçirilməsinə ehtiyac yoxdur. İki imthanın keçirilməsi məzunların psixoloji durumuna mənfi təsir göstərir, bir çox hallarda onların stressə düşməsinə şərait yaradır. Qısa müddət ərzində iki imtahan verən gəncin necə gərginlik yaşadığını təsəvvür etmək çətin deyil. Stress vəziyyəti isə real biliyin aşkara çıxarılmasına əngəl yaradır. Buna görə biz hesab edirik ki, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yalnız bir imtahanın keçirilməsi ilə bağlı qərar verilməlidir. Biz təklif edirik ki, orta məktəbdə fənnlər üzrə buraxılış imtahanları verilsin, nəticəyə uyğun olaraq məzunlar ali məktəbdə yerləşdirilsin". Modern.az