Son bir neçə gün ərzində "Bakinternet" provayderinin tariflərində dəyişikliklər edilməsi, və istifadəyə məhdudiyyətlər qoyulması barədə əhali arasında şayiələr yayılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu məsələyə aydınlıq gətirib.
Nazirlik bəyan edib ki, "Bakinternet" tariflərində dəyişikliklər aparılmayıb. "Sadəcə olaraq bəzi surətli internet istifadəçiləri sərfəli tarif qiyməti imkanlarından sui-istifadə edərək provayderlə imzalanmış müqavilə şərtlərini pozaraq üçüncü şəxslərə qeyri-qanuni xidmət göstərməklə məşğuldur. Belə vəziyyətdə isə digər istifadəçilər üçün ciddi texniki problemlər yaranır. Və provayder məhz bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə müvafiq tədbirlər görür".
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bununla bağlı məlumat açıqlayıb. Məlumatda bildirilib:
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalına “Bakinternet” istifadəçilərindən daxil olmuş müraciətlər ilə əlaqədar bildiririk ki, bəzi surətli internet istifadəçiləri (ADSL istifadəçiləri - təqribən 1000 nəfərə yaxın istifadəçi) onlar üçün təşkil edilmiş münbit şəraitdən və sərfəli tarif qiyməti imkanlarından sui-istifadə edərək müqavilə şərtlərini pozaraq bütün gün ərzində üçüncü şəxslərə qeyri-qanuni xidmət göstərməklə “Bakinternet” platformasında və şəbəkəsində həddindən artıq süni trafik yüklənməsi yaradırlar ki, bu da “Bakinternet”in xidmətlərindən normal istifadə edən digər istifadəçilər üçün ciddi texniki problemlər yaradır.
Görülən tədbirlər həmin istifadəçilərin internet xidmətlərindən normal yararlanması əvəzinə qeyri-qanuni yolla, istifadəçilərlə bağlanmış mövcud müqavilə şərtlərini pozaraq üçüncü şəxslərə xidmət göstərməklə qazanc əldə etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyır. Hal-hazırda həmin istifadəçilərlə fərdi qaydada iş aparılır və onlara müvafiq xəbərdarlıqlar edilir”.
Modern.az