Modern.az

“Qəbələ” azarkeşinə məktub

“Qəbələ” azarkeşinə məktub

Təhsil

24 May 2014, 14:16

Sən bu günü heç vaxt unutmayacaqsan! Əminəm! Gündüz əməllərində, gecə xəyallarında özünü bənzətdiyin qəhrəmanının məyusluğunu necə unuda bilərsən axı? Axı o, hamıdan güclüdür, o, məğlubedilməzdir! O, bütün vəziyyətlərdə neyləmək lazım olduğunu bilir, o, qərarlıdır, o, qətiyyətlidir, o, ağıllıdır, o...

O, sənindir, məhz sənin qəhrəmanındır! Bu bircə kəlmə hər şeyi izah edir. Sənin məsum aşiqliyinin, hüdudsuz heyranlığının, gözlərini gerçəkliyə qapadan təmiz sevginin müqabilində heç nəyin fərqi, əhəmiyyəti yoxdur. Çünki o həmişə hər şeyi bacarandır, məğlubedilməzdir!

Həmin an meydanda da sən onunla bir yerdə idin. 120 dəqiqəni bərabər qaçdız! Yıxılanda bir-birinizə çiyin verib köməkləşib birgə qalxdınız,  fürsəti əldən buraxanda təəssüf dolu bir əl onun dizinə çırpıldı, bir əl sənin. Qapısında qol gördüyü an  ona ürək-dirək, toxtaqlıq  verən sən oldun. Sənin tribunadan qopan alqışlarını o, “Sınma, sən bunu bacaracaqsan!” kimi eşitdi. Sən onun vuran ayağı, döyünən ürəyi oldun! Sənin sevgin, üstəgəl, onun səni məyus etməmək istəyi öz bəhrəsini verdi. Qol!

Sevinc olanda nolar, bu,  bir ürəklik deyildi. Buna bir ürək dözməzdi, həmin an çartlayardı, partlayardı, nə bilim, siz qəbələlilər belə vəziyyətdə necə deyirsiz, dayanardı. (Sən bilməsən də, anandan soruş, o, mütləq bu sözü tapıb sənə deyəcək.) Tribunadan qopan alqış səsində sənin də balaca əllərinin payı var idi. Yadında qalmaz, amma mən görürdüm, sən var gücünlə qışqırırdın. Boynunun damarları çıxmışdı. Sənə görə hətta bir az narahat da oldum. İndi yəqin ki evdəsən, boğazın hələ də ağrıyırsa, ən yaxşısı budur ki, çalış bir-iki gün az danışasan, ən vacib anlarda. Keçib gedəcək, narahat olma. Adi eyforiyadır... Eyforiya? Belə deyim də, adam özünü  Yer üzündəki bütün insanlardan xoşbəxt hesab edəndə neylədiyinin fərqində olmur və həmin an sevindiyindən, məsələn, özünə  xətər də yetirə bilir. Bax sənin kimi...


Həmin vaxt ətrafında sənin nə qədər tanımadığın əmilər, dayılar, az da olsa,  mənim kimi xalalar, bibilər də var idi. Hamı orda idi. Sənin kimi sevənlər idi.

İstəyirəm  bunu da biləsən. Bilmirəm, sən eşitdin, ya yox, oyundan sonra bəziləri dedi ki, guya sənin qəhrəmanına azarkeşlik edənlərin bəzilərini kənddən-kəsəkdən ora zorla yığıb gətiriblər. Nolsun ki, kənd uşağısan, özün də məndən xeyli balacasan, düzünü de, sən elə bir şey gördün?  Komandasının oyununa baxmaq istəyən, sadəcə, yol pulu dərdindən bunu eləyə  bilməyən azarkeşlərə belə imkan yaratmaq nə vaxtdan zor sayılıb? Yadındadır, böyründə siqaret çəkən əmilər var idi ha, hərdən də çaşıb söyüşfason sözlər deyirdilər, mən də hər dəfə yadlarına salırdım ki, burda qadınlar, uşaqlar var... Bax onlar səncə, zorla gələnə oxşayırdılar? Ya da ki, 16-17 yaşında oğlanlar var idi e, acmışdılar, mən də peçenye təklif elədim, istəmədilər ki, şirin şeylə aramız yoxdur, axırda əllərindəki bayrağın da birini sənə, birini Selcana verdilər. (Selcan mənim qızımın adıdır.) Bilmirəm sən bildin, ya yox, o oğlanlara nə qədər təsəlli vermək istədimsə də, alınmadı, onları elə bil don vurmuşdu. Bilmirəm, sizdə bu sözdən istifadə edirlər, ya yox...

Hərdən fikirləşirəm (yadımdaykən, qoy deyim: belə şeylər barədə aradabir sən də başla fikirləşməyə ki, dünya tez dağılmasın) insanlar niyə həmişə işıqgələn yerə daş basmaq istəyirlər? Yaxşı şeyləri görmək istəmirlər. Səncə, paxıllıqdandır? Məncə, yox. Sadəcə, qeyri-peşəkarlıqdandır. Yəni kimsə işinin öhdəsindən gələ bilməyəndə çalışır ki, bunu başqa üsullarla ört-basdır eləsin. Bax, məsələn, indi deyəcəklər ki, bu məktubu mənə guya zorla yazdırıblar. Təsəvvür eləyirsən?  Amma sən də gördün ki, Selcan məğlubiyyətə necə üzülmüşdü. Mən onu belə bir gündə necə tək qoya bilərdim? Eləcə də, sənin, onun sevgisi, hissləri barədə qeyri-ciddi, məsuliyyətsiz danışanlara necə cavab verməyə bilərdim?

Məktubun orijinalını sənə göndərirəm, surətini hamıya. 

Amma sən qəti üzülmə! Sən qələbədən qələbəyə, məğlubiyyətdən məğlubiyyətə böyüyəcəksən.  Həyat elə budur, dostum. Üzülməsən, sevinməyin nə olduğunu bilə bilməzsən. Bir də ki, niyə üzüləsən axı?! Gör hardan haradək gəlinib. Qabaqda  da hələ uzun bir yolunuz var. Heç nə birdən-birə olmur, yol addım-addım gedilir, bunu unutma. Çalış bundan sonra  da sevdiklərini tək buraxma. Çünki siz bir yerdə güclüsüz!

Hələlik!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı