İyulun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin gün III ixtisas qrupunun həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil olunacaq.
Modern.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhər və rayonlarında keçiriləcək.
Abituriyentlər iyulun 2-dən etibarən DİM-in saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlməli olduğu saat göstərilib.
DİM bir daha xatırladır ki, imtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatır və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İştirakçıların binaya buraxılış vərəqəsində göstərilən vaxtda gəlməsi tövsiyə olunur.
Abituriyentlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilli və möhürlə təsdiqlənmiş arayışı gətirməlidirlər.
İmtahanların təşkili üçün ümumilikdə 153 imtahan binası və 2658 imtahan zalı ayrılıb. Prosesə 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı və 153 bina nümayəndəsi cəlb olunub.
İmtahanda I ixtisas qrupu üzrə 24 997, IV ixtisas qrupu üzrə 5302, III ixtisas qrupunda hər iki altqrupu seçənlər üçün coğrafiya imtahanında isə 6057 nəfər olmaqla, ümumilikdə 36 356 abituriyentin iştirakı nəzərdə tutulur.
Bundan başqa, imtahanda 65 sağlamlıq imkanları məhdud abituriyent də iştirak edəcək. Onların rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli iştirakçılar üçün fərdi nəzarətçilər təyin edilib, hərəkət məhdudiyyətli şəxslərin imtahan binalarına giriş-çıxışı üçün zəruri şərait yaradılıb.
DİM bildirib ki, hazırda imtahan keçiriləcək bütün şəhər və rayonlarda təşkilati hazırlıq işləri davam etdirilir. Təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 11-də imtahan mərkəzlərinə yekun baxış keçiriləcək, imtahan zalları möhürlənərək Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.