Şirvan-Salyan regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.
Modern.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Biləsuvar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 960 şagird bitirib, onların 957 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 25 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.
Hacıqabul rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 612 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 35 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Hacıqabul şəhər 8 və 10 nömrəli tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə Ə.Əliyev adına Talış kənd tam orta məktəbi göstərilib.
Neftçala rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 643 şagird bitirib, onların 642 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 51 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 və 4 nömrəli şəhər tam orta məktəbləri qeyd olunub.
Salyan rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1428 şagird bitirib, onların 1418 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 92 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 2 nömrəli şəhər tam orta məktəbi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında Humanitar fənlər təmayüllü 1 nömrəli məktəb-liseyi, Texniki fənlər təmayüllü 7 nömrəli məktəb-liseyi və Aşağı Noxudlu kənd tam orta məktəbi yer alıb.
Şirvan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 797 şagird bitirib, onların 793 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 53 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 1 nömrəli şəhər tam orta məktəbi qeyd olunub.
Beləliklə, Şirvan-Salyan rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Salyan rayonu (92 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Hacıqabul və Salyan rayonlarının məktəbləri yer alıb. Bununla yanaşı, Neftçala və Şirvan şəhərində də yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Biləsuvar rayonunda isə bu il respublika üzrə yaxşı məktəblər və rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.