Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026-2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinə start verilib. Müsabiqə iyulun 6-dan 20-dək davam edəcək.
Nazirlikdən Modern.az-a bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplayan namizədlər "My Culture" vahid şəxsi kabinet sistemi vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər.
Qaydalara əsasən, hər bir namizəd 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək hüququna malikdir.
Qeyd olunub ki, xarici ölkə vətəndaşları məktəb və ixtisas seçimini müvafiq regional mədəniyyət idarələrinə müraciət etməklə həyata keçirə biləcəklər.
Məlumata görə, ödənişsiz təhsil üzrə qəbul müxtəlif ixtisaslar üçün müəyyən edilmiş yaş hədləri çərçivəsində aparılacaq. Musiqi alətləri üzrə 7 illik təhsil proqramlarında qəbul yaşı 6-8, 5 illik proqramlarda isə 9-12 yaş arasında müəyyən edilib.
Vokal, estrada oxuma və xanəndəlik ixtisaslarına 7-11 yaş, xor ixtisasına 7-10 yaş, rəssamlıq və heykəltəraşlıq ixtisaslarına 8-12 yaş, xoreoqrafiya ixtisasına isə 6-10 yaş aralığında namizədlər qəbul ediləcək.
Ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün minimum yaş həddi dəyişməz qalır, maksimum yaş həddi isə 40 yaş müəyyən edilib.
Nazirlikdən bildirilib ki, qəbul prosesi müsabiqə prinsipi əsasında aparılır. Namizədlər topladıqları bala uyğun reytinq sırası ilə yerləşdirilir və ayrılmış plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə sonuncu qəbul olunan namizədin nəticəsi keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan edildikdən sonra namizəd, 18 yaşına çatmayan şəxslər üçün isə onların valideyni və ya qanuni nümayəndəsi tələb olunan sənədləri sistemə yükləməli və təhsil alacağını təsdiqləməlidir. Xarici ölkə vətəndaşları müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini, bütün namizədlər isə sağlamlıq haqqında tibbi arayışı sistemə təqdim etməlidirlər.