Modern.az

Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq

Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq

Təhsil

Bu gün, 09:00

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. 

Maraqlıdır, əmək bazarında artıq tələbatın azaldığı və gələcəkdə də ehtiyac duyulmayacaq digər hansı ixtisaslar kolleclərdə, eləcə də universitetlərdə mərhələli şəkildə ixtisar olunmalı və ya qəbul dayandırılmalıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi xatırladıb ki, bundan əvvəl ibtidai sinif müəllimliyi, texnologiya müəllimliyi və xarici dil müəllimliyi kimi ixtisaslar kolleclərdə mövcud olub.

"Son illərdə bu ixtisaslar mərhələli şəkildə orta ixtisas təhsili müəssisələrindən çıxarılıb. Hazırda kolleclərdə pedaqoji istiqamətdə yalnız məktəbəqədər təhsil ixtisası qalır. Yaxın illərdə bu ixtisasın da kolleclərdən ləğv edilərək yalnız ali təhsil müəssisələrində tədrisinin həyata keçirilməsi gözlənilir. Bu yanaşma qlobal təhsil tendensiyalarına əsaslanır. İnkişaf etmiş ölkələrdə pedaqoji kadr hazırlığı əsasən ali təhsil səviyyəsində həyata keçirilir. Azərbaycanda da bu istiqamətdə vahid yanaşmanın formalaşdırılması, müəllim hazırlığının keyfiyyətinin artırılması məqsədilə ali təhsil müəssisələrinin rolu ön plana çəkilir".

Ekspert blildirib ki, istisna hallarda orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər fərdi inkişaf hesabına müəyyən nailiyyətlər əldə edə bilirlər:

"Bununla yanaşı, pedaqoji kadr hazırlığında ali təhsil səviyyəsinin üstün tutulması əsas yanaşma kimi qəbul olunur. 2026/2027-ci tədris ili üçün ixtisas siyahısına yeni istiqamətin əlavə olunması nəzərdə tutulur. Bu, l ixtisas qrupuna daxil edilən “Daşınmaz əmlakın idarə olunması” ixtisasıdır. Digər ixtisaslar isə əsasən dəyişməz olaraq qalır.

Əmək bazarında tələbatın az olduğu ixtisaslar üzrə plan yerlərinin mərhələli şəkildə azaldılması istiqamətində yanaşma mövcuddur. Bu istiqamətlərə "Muzey, arxiv işi və abidələrin qorunması", eləcə də bəzi tərcümə ixtisasları, xüsusilə ingilis dili üzrə tərcüməçilik daxildir".

O həmçinin vurğulayıb ki, əhalinin təbii artım tempinin azalması fonunda şagird sayında azalma müşahidə olunur:

"Bu amil gələcəkdə bəzi pedaqoji ixtisaslar üzrə plan yerlərinin azaldılması ehtimalını artırır".

E.Əfəndi eyni zamanda Azərbaycanın təhsil sistemində kolleclərin inkişafına ehtiyac olduğunu da diqqətə çatdırıb:

"Mövcud kolleclərdə təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atılması, yeni rəhbər təyinatları, proqramların yenilənməsi və əmək bazarına uyğun ixtisasların saxlanılması gözlənilən istiqamətlərdəndir. İxtisas seçimi əmək bazarının real tələblərinə uyğunlaşdırılır. İnformasiya texnologiyaları, səhiyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, mühəndislik, neft-qaz və kimya sahələri prioritet istiqamətlər hesab olunur. Turizm, sosial iş və bəzi humanitar istiqamətlər üzrə məzunların iş tapmaq imkanları məhduddur. Bu səbəbdən praktik yönümlü ixtisaslara və peşə təhsilinə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV