
Bu gün Azərbaycanın qocaman şairlərindən olan, ana dilinin keşiyində hər zaman dayanaraq onu həm mühafizə edən, həm də inkişaf etdirən şair, publisisit Məmməd Aslanın 75 yaşı tamam olur.
Modern.az saytı poeziyada özünəməxsus yer tutan qələm adamlarının Məmməd Aslan haqqındakı təəsüratlarını və yubiley təbriklərini təqdim edir:
Sabir Rüstəmxanlı, xalq şairi
- Məmməd Aslanla az qala 50 ildir ki, davam edən bir dostluğumuz var. Mən onu Kəlbəcərdə yaşadığı illərdən, ilk kitabını çap edən vaxtdan tanıyıram. O zaman məktub yazmışıq, əlaqə saxlamışıq. Sonra tale elə gətirdi ki, o köçüb Bakıya gəldi və elə o zamandan da dostluq münasibətlərimiz daha da möhkəmləndi. Bərabər Kəlbəcərə, Göyçəyə getmişik, Azərbaycanın demək olar ki, bütün bölgələrinə səyahat etmişik. Bunların hamısının səbəbi mənim Məmməd Aslana həm bir şair kimi, həm bir insan kimi, həm türk dünyası tarixinin gözəl bilicisi kimi olan bağlılığımdan irəli gəlir. Məmməd Aslan XX əsrin ikinci yarısı, XXI yüzilliyin ilk yarısında Azərbaycanda yaşayan nadir şəxsiyyətlərindən biridir. Təkcə poeziyasına görə yox, uşaq ədəbiyyatı tarixində, televiziyamızın tarixində oynadığı rola görə, İslam dininin ensiklopedik bilicisi olduğuna görə o, çox nadir şəxsiyyətdir. Bilirsiniz ki, o, uzun müddət televiziyada son dərəcə gözəl verilişlər aparıb. Təəssüf ki, sonradan o verilişi dayandırdılar. Məmməd Aslan uzun müddət uşaq verilişləri, Azərbaycanı tanıtmaqla bağlı, sözümüzün dilimizin gözəlliyini qorumaqla bağlı dəyərli verilişləri olub. Sonra televiziyadan aralandı. Bundan əlavə, onun həm türk ədəbiyyatının Azərbaycanda tanıdılmasında, həm də Azərbaycan ədəbiyyatının türk dünyasında tanıdılmasında müstəsna xidmətləri var. Türk xalq poeziyasından Azərbaycan dilinə tərcümələr edib. Mövlanədən seçmələri hazırlayıb, Mövlanədən deyimləri Azərbaycan oxucularına çatıdırb. Ümumiyyətlə, dəyərli sözü Azərbaycan oxucusuna çatdırmaqda hər zaman yorulmadan qələm çalıb. Məmməd Aslan bir ömrü Azərbaycan ədəbiyyatının inkişafına sərf edib. Onun “Ərzurumun gədiyinə varanda” kitabı o vaxt hər kəsin stolüstü kitabı idi. O zaman Azərbaycanda 3 ən çox oxunan kitab var idi. Onun biri mənim “Ömür kitabı”adlı kitabım, biri Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahilində” kitabı, o biri isə Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabı idi. Çünki o zaman sərhədlər açılmamışdı, adamlar Türkiyəni tanımırdı. Məmməd Aslan isə ora gedib gələnlərdən biri idi. O barədə çox dəyərli kitab yazmışdı
Ədəbiyyatda saraylarda yaranıb ərəb-fars kəlmələri ilə dolu olan poeziyanı bir tərəfə qoyaq. Məmməd Aslan Yunus İmrədən, Qaracaoğlandan keçib xalq təfəkkürünün yaratdığı, Aşıq Ələsgərdə özünün yüksək sonluğuna çatan xalq poeziyasının nümayəndələrindən biridir. Özü də tək sözün gözü ilə yox, kameranın, fotoaparatın gözü ilə bu təfəkkürü qoruyub inkişaf etdirib. Məndə onun çəkdiyi 100-ə yaxın şəkil var ki, qismət olsa, onları bir gün albom şəkildə toplayacağam. Həmin şəkillərin çoxunda mənim doğma ocağım Yardımlı da var. Mən əziz dostum Məmməd Aslanı 75 illik yubileyi münasibətlə təbrik edirəm. Məmməd bir ara çox möhkəm xəstəlik keçirdi. İndi də gah görürsən ki, orası ağrayır, gah görürsən ki, burası ağrayır. Mən də zarafata deyirəm ki, Məmməd sən sızıldaya- sızıldaya bizim hamımızı o dünyaya yola salacaqsan. Deyəsən, elə mənim dediyim olacaq.(gülür) Mən ona bir şeir yazmışam:
Ay qoca dünyanın Dədə Məmmədi,
Dərdlər ürəyində pəmbə-pəmbədi.
Fatehlər dünyanı düzəldəmmədi
Bu yazıq fələkdən nə istəyirsən?
Mən Məmmədi bir daha təbrik edirəm, ona can sağlığı arzulayıram. Qoy dostlarının yanında yerini şirin salmaq üçün oram ağrıyır, buram ağrıyır desin, amma heç vaxt xəstələnməsin.
Fikrət Qoca, xalq şairi
- Məmməd Aslan təpədən dırnağa şairdi. Onun poeziyası təbiətdən yoğrulub. Təbiətin bir sirri var ki, o insanı kamil səviyyəyə qaldıra bilir. Məməd Aslan bütün dərsini təbiətdən alıb. O həm bizim, həm də poeziyanın yaxın dostudur. Şeirimizn zəhmətkeşlərindən biri olan Məmməd Aslan çox istedadlı adamdır. Poeziyada onun öz yeri var.
Musa Yaqub, şair
- Mənim Məmməd Aslan haqqında demək istədiklərim, xatirələrim həddindən artıq çoxdur. O, məndən daha tez Bakıya gəldi. Amma hər dəfə rayona gələndə görüşərdik onunla. 1960-cı illərin əvvəllərində Yazıçılar İttifaqında ilk dəfə olaraq mənim, Məmmədin, bir də Ənvər Əhmədin- üç gənc şairin yaradıcılıq gecəsi keçirildi. Adlı-sanlı qələm adamları o gecədə iştirak etdilər. Məmmədlə çox əvvəldən, lap tarixən bir-birimizə bağlıyıq. Mən də ona şeir həsr eləmişəm, o, da mənə şeir həsr edib. Azərbaycan milli poeziyasının ən güclü nümayəndələrindən biri də Məmməddir. Məmməd elə ədəbiyyat üçün doğulub. Biz hər zaman biri-birimizlə yaxşı şeirlərimizlə xəbər tutmuşuq. O mənada ki, bir şeir yazanda zəngləşib biri-birimizə oxumuşuq. Mənim “Dağlara ziyarət” şeirimi zəng edib təhlil etdi. Elə sevnirdi ki, sanki həmin şeiri onun özü yazıb. O, tək mənim yox, başqa şairlərin də gözəl şeirlərinə sevinirdi. Məmməd Aslanın yubileyi təmtəraqlı şəkildə keçirilməlidir. Daha səs-küylü təşkil olunmalıdır.
Elmin NURİ