
Fevralın 27-də Moskvada qətlə yetirilən tanınmış müxalif siyasətçi Boris Nemtsovun qətlindən 10 gün keçdikdən sonra qətli törətməkdə şübhəli bilinən 2 nəfər- Anzor Qubaşov və Zaur Dayaev həbs olunub.
Martın 9-da isə daha üç nəfər şəxs - Qubaşovun qardaşı Şahid Qubaşov, Tamerlan Əsgərxanov və Xamzad Baxayev saxlanılıblar. Digər 4 şəxsdən fərqli olaraq Zaur Dadayev məhkəmədə verdiyi ifadəsində Nemtsovun qətlində iştirakını təsdiqləyib. O, Boris Nemtsovun müsəlmanlara və islama qarşı mövqeyi haqqında 2015-ci ilin yanvarında məlumat aldığını bildirib: “Mən inanclı müsəlman kimi bu işə qarşı sakit qala bilməzdim. Ona görə də Boris Nemtsovu öldürdüm”
Daha sonra Zaur Dadayevin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dostu və xüsusi təyinatlı dəstənin üzvü olması haqqında məlumatlar yayıldı. Məlumatlarda Zaur Dadayevin Çeçenistan Daxili İşlər Nazirliyinin “Sever” (“Şimal”) batalyonunun polk komandirinin müavini olduğu da bildirilirdi. Hətta məlumatlara görə, anti-terror əməliyyatlarında fəal iştirak edən Zaur Dadayev 2010-cu ildə Putin tərəfindən göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.
Terror əleyhinə əməliyyatlarda iştirak edən bir şəxs həqiqətən terrorçu ola bilərdimi?
Dərhal açıqlama verən Ramzan Kadırov Zaur Dadayevi “əsl Rusiya patriotu” adlandırıb. O, Dadayevin Daxili Qoşunlarda xidmət edərkən ən cəsur və mərd döyüşçülərdən biri olduğunu bildirib. Onun fikrincə, Dadayev heç zaman Rusiyaya qarşı addım atmazdı.
Zaur Dadayevin “sadiq” dostu Kadırov, nədənsə növbəti dəfə onu ittiham edənlərin sırasına qoşulub. “KİV-lər xəbər verir ki, Zaur məhkəmədə Nemtsovun qətlində iştirakını təsdiqləyib. Zauru tanıyan hər kəs bilir ki, o, dinə dərindən inanan, dindar adamdır. Bütün müsəlmanlar kimi o da “Charlie Hebdo”nun hərəkətlərindən və dərc etdiyi karikaturalara verilən şərhlərdən sarsılmışdı. Əgər məhkəmə Dadayevin günahını sübuta yetirəcəksə, deməli, o, ağır cinayət əməlinə yol verib”, - Ramzan Kadırov bildirib.
Ramazan Kadırov əslində bu açıqlaması ilə özünü sığortalayırdı. Hadisədən sonra Putin Kadırovu “Şərəf” ordeni ilə təltif etdi. Bu addımla Putin Şimali Qafqazda əsas dayağı Ramazan Kadırovu cəzalandırmaq istəmədiyini göstərdi.
İslam faktorunun Rusiyada avtoritarizmə qarşı olan Nemtsovun üzərində cəmləşdirilməsi onun vaxtilə İslama qarşı mövqeyi ilə dərhal əlaqələndirildi. Belə ki, Nemtsov 2007-ci ildə ”Ekspert" jurnalına müsahibəsində bildirib ki, Rusiyada 2 uşaqdan artıq şəxsi dünyaya gətirənlərə kompensasiya verilməsi səhvdir, bu, əsasən müsəlmanlar olan regionlarda olacaq və bu qorxuludur. Həmçinin İslamın orta əsrlər səviyyəsinə qaldırıldığını bildirən Nemtsov karikaturaçıları da müdafiə edirdi.
Amma nədənsə 1996-cı ildə Nijni Novqorodda işləyən məşhur siyasətçinin Çeçenistanda müharibə əleyhinə 1 milyon imza toplaması haqqında məlumatlar açıqlanmır.
Moskvada planlaşdırılan böyük bir mitinq ərəfəsində müxalifət liderinin müsəlmanları təhqir etdiyi üçün öldürülməsi heç də inandırıcı deyil. Zaur Dadayevin Rusiya hərbi kəşfiyyatına bağlı olan Çeçenistan DİN-in “Sever” xüsusi təyinatlı batalyonun komandir müavini olması, qətllə bağlı şübhələri Rusiya xüsusi xidmətlərinin orqanlarının üzərinə aparırdı. Bununla yanaşı, Anzor Qubaşev və onun kiçik qardaşı Şahid Qubaşov da Moskvada özəl mühafizə xidmətində işləyib.
Lakin qətlin sonradan İslam faktoru ilə əlaqələndirilməsi yeni tendensiyaları üzə çıxarıb. Buradan isə belə bir sual meydana çıxır. Avropada İslama qarşı artan etirazlarla, Rusiyada Zaur Dadayev fonunda İslam faktorunun qabardılması hansı gələcək təhlükələrdən xəbər verə bilər?
Şahin Qocayev