Milli Məclisin bir qrup deputatı jurnalist Pərviz Həşimlini əfv etməsi üçün prezident İlham Əliyevə müraciət edib. Modern.az saytına jurnalistin ailəsindən verilən məlumata görə, deputatlar məhkəmədə qeyri-adekvat münasibətlə üzləşən insanların məsələsi ilə bağlı İnsan Hüquqları üzrə İşçi Qrupunun yaradılmasından məmnun olduqlarını bəyan etməklə yanaşı, belə şəxslərdən birinin də Pərviz Həşimli olduğunu vurğulayaraq onu uzun illərdən bəri tanıdıqlarını bildiriblər. Peşəkar bir jurnalist kimi tanıdıqları Pərviz Həşimlinin 2 ilə yaxın həbsdə olmasını qeyd edən deputatlar onun himayəsində azyaşlı övladının, yaşlı valideynlərinin olmasını nəzərə alıb onun adının əfv siyahısına salınmasını xahiş ediblər.
Müraciəti Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Əli Məsimli, Çingiz Qənizadə, Zahid Oruc, Fərəc Quliyev və İlyas İsmayılov imzalayıblar.
Modern.az