Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan “Eastring” qaz kəmərinin çəkilişi ilə bağlı razılığa gəliblər. Kəmər Slovakiya-Ukrayna sərhədinin yaxınlığında yerləşən Velke-Kapuşanı qəsəbəsindən keçərək, Türkiyə ilə Bolqarıstan sərhədində başa çatacaq. Bu məqsədlə Velke-Kapuşanıda tranzit qaz kəməri ilə bağlı kompressor qazbölüşdürücü stansiyası da tikilib. “Eastring” layihəsinin ilkin layihə qiyməti 750 milyon avro təşkil edəcək və 2020-ci ildən gec olmayaraq istifadəyə verilməsi planlaşdırılır.
Ukrayna və Türkiyə arasındakı zolağı birləşdirən “Eastring” kəməri ilə bağlı politoloqlar Zərdüşt Əlizadə və Ərəstun Oruclu Modern.az-a açıqlama veriblər. Zərdüşt Əlizadə bu kəmər ideyasını səfeh bir layihə adlandırmaqla yanaşı, onun Ukraynaya çəkiləcək hissəsini əhəmiyyətsiz adlandırıb:
“Bu, çox səfeh bir layihədir. Əgər qaz kəməri çəkilirsə, birinci sual verilməlidir: “Qazın mənbəyi haradadır?” Ən əsası düşünülməlidir ki, bu kəmər hansı qazla doldurulacaq. İndi Avropaya gedən qazın əsas hissəsi Ukraynadan keçir. Hazırda Rusiya istəyir ki, Ukraynadan keçən kəmər qazsızlaşdırılsın. Ona görə də alternativ kəmərlər çəkir. Birincisini Baltik dənizindən Almaniyaya doğru çəkdi. Digəri isə Qara dəniz vasitəsilə Bolqarıstana çıxmalı idi. Bu layihənin həyata keçirilməsinə ABŞ imkan vermədi. O zaman Rusiya kəməri Türkiyədən çəkməklə Avropaya daşımaq haqqında qərara verdi. Ruslar kəməri həmin hissəyə qədər çəkir və bildirir ki, kim qaz istəyir, kəmər çəkib aparsın.
Əgər Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniya Rusiya qazını Türkiyədən almaq istəyərlərsə, onlar, əlbəttə, belə bir kəmər çəkə bilərlər. Bunun isə Ukraynaya dəxli yoxdur. Ukrayna qaz kəmərlərini, yanacaq məsələsini Rusiya və Avropanın digər ölkələri ilə həll etməlidir. Ukraynanın özü Azərbaycandan iki dəfə çox qaz çıxarır”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu çəkiləcək kəmər fonunda TAP və TANAP kimi layihələrin sual altında qalacağını bildirib:
“Reallaşdırılacaq layihə əslində onların gələcəkləri üçün istiqamətlənmiş növbəti bir addımdır. Səhv etmirəmsə, 2020-ci ildən gec olamayaraq istifadəyə veriləcək kəmər hələ hazırlıq mərhələsindədir. “Nabucco” qaz kəməri reallaşmadı. Bununla yanaşı, TAP və TANAP-la bağlı olan layihələr də bu gün sual altında qalıb. Regiondakı gərgin vəziyyətlə əlaqədar olaraq enerji layihələrinin gələcək statusları ilə bağlı danışmaq çətindir. Lakin həyata keçiriləcək bu layihə əsasən tikinti-layihə işlərinin tamamlanmasından sonra başlanmalıdır. Ən əsası isə qaz kəmərinin Avropa İttifaqı fondlarından maliyyələşdirilməsinə çalışacaqlar”.
Xatırladaq ki, layihənin inşaat işlərinin Slovakiya şirkəti “Eustream” tərəfindən aparılması nəzərdə tutulur. Bu şirkət Avropa miqyasında qaz ixracatı ilə məşğul olan nəqliyyat sisteminin operatorudur. İllik gücü 20 milyard kubmetr təşkil edəcək yeni kəmər Avropa İttifaqının enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirməyi nəzərdə tutur.
Şahin Qocayev