“Son illər Azərbaycanın beynəlxalq və regional nüfuzunun artması, iqtisadi inkişafının davamlı tempi onun geostrateji mövqeyinin möhkəmlənməsinə, nüfuzlu və imicli dövlət statusu qazanmasına gətirib çıxarıb”. Bu sözləri millət vəkili Fərəc Quliyev Modenr.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, ölkəmiz artıq dünya və Avropa miqyaslı müsabiqələrə, çempionatlara və digər tədbirlərə ev sahibliyi etməklə yanaşı, bu kimi əhəmiyyətli layihələrin yüksək səviyyədə keçirilməsində analoq mənbəyinə çevrilib. “Dünyanın əksər ölkələri, nüfuzlu qurumları Azərbaycanın inkişafını, ikitərəfli, çoxtərəfli münasibətlərdə uğurlarını gördükləri halda, bəzi "insan hüquqları" təşkilatları qərəzli, ədalətsiz, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən mövqe ortaya qoymaqdadır. Belə ki, bu günlərdə "Human Rights Watch" Azərbaycandakı bəzi "mənbələri" vasitəsilə aldıqları qərəzli, birtərəfli, yalan və saxtalaşdırılan məlumatlar əsasında ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etməklə bağlı çağırışlar edib. Bu cür mötəbər idman yarışına kölgə salmaq məqsədilə beynəlxalq əhəmiyyətli tədbirə və ona ev sahibliyi edən Azərbaycana yönəldilmiş mənfi mövqe sərgiləyib. Qısa bir zamanda gənc dövlətin belə bir nüfuzlu oyunları təşkil etməsi, sosial-iqtisadi infrastrukturu qurması, nizamlı və ardıcıl fəaliyyət sərgiləməsi, bu kimi "təşkilatları" gözləmədikləri durumla üz-üzə qoyub. Bu baxımdan onların boykot çağırışı yalnız və yalnız dövlətimizin artan və regional təsirə çevrilən nüfuzuna zərbə vurmaq və ona təzyiq və təsir etmək məqsədi güdür. Azərbaycanın, siyasi, iqtisadi və mədəni-humanitar sahələrdəki uğurları artdıqca, belə qərəzli mövqeylərin də çoxalması gözləniləndir. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ekspertlər bu təşkilatın Azərbaycana qarşı dəyişməz qərəzli mövqedə durmasını təşkilatın rəhbərliyində ermənilərin təmsil olunması ilə əlaqələndirdilər”.
Modern.az