Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pəncə-Qılınc” əməliyyatı dekabrda başa çata bilər, bundan sonra Ankara Suriyada genişmiqyaslı quru əməliyyatı planlaşdırır.
Modern.az xəbər verir ki, bunu hökumət dairələrinə yaxın olan “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.
Türkiyə aprel ayında İraqın şimalında qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatda xüsusi təyinatlılar və Hərbi Hava Qüvvələri iştirak edir. İraq prezidentinin dəftərxanası Ankaranın əməliyyatının milli təhlükəsizliyə təhdid yaratdığını, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ölkəsinin öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə hədəflədiyini bildirib.
“Türkiyə Silahlı Qüvvələri İraqda “Pəncə-Qılınc” əməliyyatı keçirir. Dekabrda başa çatdırılması gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlamalıdır. Bu dəfə daha böyük əməliyyat planlaşdırılır”, - köşə yazarı qeyd edib.