Modern.az

Liderimizlə daha böyük qələbələrə imza atacağıq

Liderimizlə daha böyük qələbələrə imza atacağıq

Aktual

5 Oktyabr 2021, 19:10

Suqovuşanın azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsinin gedişatında, Böyük Qələbəyə aparan yolda mühüm bir mərhələnin keçilməsinə imkan yaradan önəmli uğurlarından biridir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili Suqovuşanın və Talış kəndinin azad edilməsi ilə bağlı xəbərin Vətən müharibəsinin başlanğıcında Azərbaycan xalqında və Ordusunda böyük coşqu, yüksək mübarizə ruhu yaratdığını bildirib: “Suqovuşanın və Talış kəndinin azad edilməsiylə düşmənin mövqe tutduğu strateji əhəmiyyətli yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi, nəticədə işğalçılara sarsıdıcı zərbə vuruldu, strateji yollara nəzarətimiz təmin edildi, düşmənin canlı qüvvəsinin hərəkəti və manevrləri üçün çox böyük problem və məhdudiyyətlər yaradıldı”.

 

Azər Kərimli qeyd edib ki, Suqovuşanın işğaldan azad edilməsi, eyni zamanda düşməni ölkəmizə qarşı həyata keçirdiyi ekoloji müharibədə də məğlubiyyətə uğradıb: “Ermənistan Suqovuşan su anbarını ölkəmizə qarşı ekoloji terror vasitəsi kimi istifadə edirdi. Ermənilər yayda suyu kəsdikləri üçün ətraf rayonlarda yaşayan vətəndaşlarımız, fermer təsərrüfatları susuzluqdan əziyyət çəkidilər. Qışda isə düşmən tərəf suyun qarşısını açır, sel və daşqınların yaranmasına, təsərrüfatlara, evlərə ziyan dəyməsinə çalışırdı. Ordumuzun qələbəsi susuz qalan çöllərimizin yenidən dirçəlməsinə zəmin yaratdı, erməni vəhşiliyindən cadar-cadar olmuş torpaqlarımız cana gəldi və indi Suqovuşan su anbarı ekoloji terror alətindən ekoloji tarazlığın qorunmasında müstəsna rol oynayan vasitəyə çevrilib”.

 

Azərbaycan Prezidentinin Suqovuşan qəsəbəsində və Talış kəndində üçrəngli bayrağımızı ucaltmasına diqqət çəkən millət vəkili 44 günlük Vətən müharibəsinin hər anının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını, bizi Böyük Zəfərə aparan qəhrəmanlarımızın hər zaman qürurla xatırlanacağını bildirib.

 

Azər Kərimli Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü barədə də təəssüratlarını bölüşüb: “Görüşü təkrar-təkrar izlədim və dövlət başçısı ilə vətəndaşlar arasındakı səmimi ünsiyyətdən, qarşılıqlı sevgiyə söykənən münasibətdən qurur duydum. Bizim milli birliyimizin, həmrəyliyimizin və təbii ki, qələbəmizin təməlində də məhz xalqımıza aid olan bu yüksək mənəvi dəyərlər dayanır”.

 

Millət vəkili Cəbrayıl rayonunun azad edilməsinin həm də Azərbaycanın uzun illər boyu nəzarətsiz qalan sərhədlərinin bir hissəsinə sahiblənməsi baxımından mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Cəbarayıl rayonunun azad edilməsi həm də Azərbaycan xalqı üçün mühüm tarixi, mədəni və mənəvi əhəmiyyət daşıyan Xudafərin körpülərinin öz gerçək sahiblərinə qovuşması baxımından müstəsna əhəmiyyətə malik idi. Bununla yanaşı, Cəbrayılın azadlığa qovuşmasının digər sərhədyanı ərazilimizin işğaldan azad edilməsinə yol açdığını və bunun mühüm hərbi, siyasi və mənəvi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamaq istəyirəm. Şübhə etmirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə biz daha böyük qələbələrə imza atacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı