Bu yaxınlarda ABŞ Prezidenti Co Bayden erməniləri qəzəbləndirən addım atıb. Amerika lideri Azərbaycana yardım göstərilməsi ilə bağlı qadağanı - "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bu il də dayandırmaq qərarına gəlib.
Bu xəbər Amerikada erməni icmasını və diasporunu qəzəbləndirib. Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparyan deyib ki, bu, Prezident Baydenin ilk belə qərarı deyil və atılan addım ABŞ-ın Azərbaycanın dövlət başçısı İlham Əliyevə inamını artırır.
Bəs “Azadlığa Dəstək Aktı” adlanan qanun nədir, özündə nəyi etiva edir?
Modern.az xəbər verir ki, sözügedən qanun keçmiş SSRİ-nin 12 ölkəsinə müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu. 1992-ci il aprelin 3-də ABŞ prezidenti (ata) Corc Buş Konqresə müraciət edərək, yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış edib.
“Azadlığa Dəstək Aktı” adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə şamil olundu. Dövlət müstəqilliyi ABŞ tərəfindən dərhal tanınmış Baltikyanı respublikalar - Latviya, Litva, Estoniya 1991-ci ildən başlayaraq Vaşinqtondan genişmiqyaslı yardımlar alırdılar. Amerika o vaxtadək dünyanın bir sıra ölkələrinə analoji yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. “Azadlığa Dəstək Aktı”nın müzakirəsi həm də Amerika Konqresində keçmiş sovet respublikalarına yönəlik lobbiçilik yarışmasının (mübarizəsinin) başlanması demək idi.

907-ci düzəliş necə reallaşdı?
Düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə olub. Eyni zamanda bu, ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan haqsız, ədalətsiz düzəliş idi. Düzəliş guya, Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens tərəfindən irəli sürülmüş, Konqres tərəfindən qəbul edilmişdi.
Düzəlişin qəbul edilməsində erməni icmasının əməllərini xüsusi qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə informasiya bölgüsü də düzgün deyildi. Erməni icması əl qataraq yalan məlumatlarla böyük ölkələri özünə tərəf çəkirdi.
Qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər Ermənistan silahlı qüvvələri Qarabağda nəzarətdə saxlanılan son şəhəri Şuşanı və Laçın rayonunu işğal edib, Xocalı şəhərini tutaraq dinc sakinlərə qarşı qanlı qırğın törədiblər.
907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası səkkiz il ərzində ABŞ yardımından məhrum olub. ABŞ tərəfindən müxtəlif formalarda Azərbaycana gələn yardımlar QHT-lər vasitəsilə həyata keçirilib. Bu, Ermənistana edilən yardımla müqayisədə xeyli məhdud idi.
Düzəlişin dayandırılması nə vaxta təsadüfi edir?
1997-2000-ci illər ərzində Klinton administrasiyası 907-ci düzəlişin Konqres tərəfindən ləğv olunması üçün cəhdlər göstərib. ABŞ ermənilərinin iki əsas təşkilatı - Amerika Erməni Assambleyası və Amerika Milli Erməni Komitəsi 907-ci düzəliş məsələsində fərqli fikirdə olublar. Assambleya Ermənistana ABŞ hərbi yardımını qadağan etdiyi üçün düzəlişin ləğvinə tərəfdar olsa da, Komitə bunun əleyhinə çıxıb.
907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yaranıb. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərib. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi ehtiyacı yaranıb. Beləliklə, o zamankı ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verib.
Yalnız 2005-ci ildə Corc Buş “Azadlığa Dəstək Aktı”na Azərbaycana Amerikanın dövlət yardımlarını qadağan edən 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması barədə memorandum imzalayıb.

Bu illər ərzində Amerikanın Ermənistan və Azərbaycana maliyyə yardımı nə qədər olub?
1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində olub. 2006-cı ildən Qarabağa ayrılan yardımın məbləği artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon ABŞ dolları təşkil edib. Bu artım tendensiyası həm də Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni təəssübkeşliyinin miqyasını göstərir.
Ümumilikdə, ABŞ qaynaqlarının rəsmi statistikasına görə, 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları “Freedom Support Act” çərçivəsində həyata keçirilib. Bu yardımı əhali üzrə böldükdə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı 45 milyon dollardan çox olmayıb.

ABŞ bu düzəlişi ümumiyyətlə ləğv edə bilərmi?
Artıq bəzi ekspertlər bildirirlər ki, düzəliş ləğv edilməlidir. Çünki düzəlişin qəbul edilməsində erməni lobbisinin əli var. Birləşmiş Ştatların sabiq energetika naziri Federiko Penya bildirib ki, 907-ci düzəliş aradan qaldırılmalıdır:
“"Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş ədalətsizdir və ABŞ-ın Azərbaycan kimi güclü müttəfiq və strateji tərəfdaşına qarşı tətbiq olunmamalıdır. 907-ci düzəlişin ləğv edilməsi ABŞ-ın Xəzər regionunda gələcək səyləri üçün əsas addım ola bilər. Azərbaycan hökumətinə yardımın göstərilməsinin məhdudlaşdırılması haqqındakı bu qanun ABŞ-ın Azərbaycandakı maraqlarının irəliləməsinə mane olur".
Göründüyü kimi, Amerika hakimiyyəti də bu düzəlişin mənasız olduğunun fərqindədir. Çünki Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan artıq Amerikanın güvənilən tərəfdaşına çevrilir və hər iki ölkə müxtəlif platformalarda bir-birinə dəstək nümayiş etdirir. Azərbaycan qaz və neft ehtiyatları ilə dünyanın diqqətini cəlb edən etibarlı tərəfdaşıdır.
Hazırda həm rəsmi İrəvan, həm də ABŞ-da fəaliyyət göstərən erməni diasporu Vaşinqtonun Azərbaycana marağının artmasından ciddi narazıdır. Baydenin 907-ci düzəlişin hüquqi qüvvəsini növbəti dəfə bloklaması ermənilərdə dərin məyusluq yaradıb. Növbəti bir ildə ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında hər hansı hüquqi əngəl olmayacaq. Erməni diasporunun israrlarına əhəmiyyət vermədən Amerika prezidentləri ənənəni davam etdirirlər. Bu isə o deməkdir ki, Ermənistan da, erməni diasporu da sadəcə, müvəqqəti istifadə edilən "siyasi alət"dən başqa bir şey deyil.