Modern.az

Alanyalı jurnalistlər Bakıda: Özümüzü evimizdəki kimi hiss edirik - MÜSAHİBƏ

Alanyalı jurnalistlər Bakıda: Özümüzü evimizdəki kimi hiss edirik - MÜSAHİBƏ

Müsahibə

14 İyun 2024, 17:25

Alanya Aktiv Jurnalistlər Cəmiyyətinin sədri Ferit Kesen Modern.az-ın qonağı olub. O, redaksiya heyətilə tanış olub və saytımıza müsahibə verib.

 

Müsahibəni təqdim edirik: 

 

- Redaksiyamıza xoş gəlmisiniz. Bakıya gəlişinizdən danışmağınızı istərdik...

 

- Xoş gördük. Buraya Parlament Jurnalistlər Birliyinin dəvəti üzrə gəlmişik. 2022-ci ildə cəmiyyətimizin ofis açılışında Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıyla qardaşlıq sazişi imzaladıq. Anlaşmanın təminatçısı isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatar oldu. Çox mənalı qardaşlıq sazişi olmuşdu. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti belə vacib anlaşmaya imza atdı. Saziş çərçivəsində qardaş Azərbaycanı ziyarət edirik. Qarşıdakı günlərdə azərbaycanlı həmkarlarımızı Alanyada qəbul edəcəyik. Burada olduqca gözəl türk qonaqpərvərliyi ilə qarşılandıq. Vətənimizdən fərqi yoxdur. Özümüzü evimizdəki kimi hiss edirik.

 

- Bakıda kimlərlə görüşdünüz?

 

-  Elşad bəyə təşəkkürnamə təqdim etdik. Dünən Mətbuat Şurasını ziyarət edib, Alanyaya məxsus hədiyyələr verib, özümüzü tanıtdıq. Türkiyə və Azərbaycan mediası üzrə fikir mübadilələri apardıq. Yenə burada azərbaycanlı həmkarlarımızı ziyarət edəcəyik. Məqsədimiz onları ziyarət etmək, "işiniz avand olsun" deməkdir. Biz burada olduqca gözəl qarşılandıq. Başda Elşad Eyvazlı olmaqla bütün azərbaycanlı həmkarlarımıza, Azərbaycan xalqına sonsuz təşəkkürlərimizi çatdırırıq. Sağ olsunlar, var olsunlar!

 

- Ümumiyyətlə Alanya Aktiv Jurnalistlər Cəmiyyətinin yaradılmasında məqsəd nə idi?

 

- Türkiyədə həmkarlarımız təşkilatlanmaqdadırlar. Bütün rayon və bölgələrdə jurnalist cəmiyyətləri var.  Məqsədimiz birlik və bərabərliyimizi qorumaq, problemlərimizin həlli üçün çalışmaq, həmkarlarmızı təmsil etməkdir. Buna görə də 22 fevral 2022-ci ildə cəmiyyətimizi qurduq. Bizim 90-a yaxın üzvümüz var.  Üzvlərimiz arasında bir azərbaycanlı, 2 rus və 1 qırğız var.

 

- Azərbaycanlı üzvünüz kimdir?

 

-Nigar İbrahimovadır. Türkiyədə  telejurnalist kimi çalışır. Bölgəmizdə və Türkiyəmizdə tanınır. Ölkəmizə gəlin olaraq gəlib.

 

- Problemlərin həll edilməsindən bəhs etdiniz. Bu iki ildə əsasən hansı tip problemlərlə qarşılaşmısınız?

 

- Medianın problemləri bitməz. Hər zaman olduğu kimi indi də problemlərimiz çoxdur. Bu problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqə yaradırıq. Bizim də bağlı olduğumuz Beynəlxalq Jurnalistlər Şurası var. Şuranın Azərbaycandakı təmsilçisi də Elşad Eyvazlıdır. Beynəlxalq Jurnalistlər Şurası vasitəsi ilə də beynəlxalq  arenada mücadilə etmək şansını əldə edirik. Rəsmi elanların alınması, üzvlərimizin şəraitinin yaxşılaşdırılması, təşkilatların bəzi haqlardan faydalanması istiqamətində bir çox problemlər var. Bir sıra problemlərin öhdəsindən gəlmişik. Ancaq hələdə mücadilə etdiyimiz məsələlər var. Bu istiqamətdə  Beynəlxalq Jurnalistlər Şurası beynəlxalq səviyyədə ciddi mücadilələr verir. Onlara təşəkkür edirik.

- 90-a yaxın üzvünüzün olduğunu, hətta bunların arasında başqa ölkələrdən də nümayəndələrin olduğunu qeyd etdiniz. Üzvlərinizin daha da artması mümkündürmü?

 

- Alanya turizm şəhəridir. 70 kilometr sahili olan ərazidir. İldə 4 milyona yaxın turist gəlir. Əhali sayımız 400 mindir. Yayda əhali sayı 1 milyonu ötür. Dünyanın ən gözəl şəhərlərindən biridir. 80-dən çox xalqın nümayəndəsi yaşayır. Onlar özlərinə ev alıblar. Azərbaycanlılar da var. Sadəcə turistlər yox, bölgəmizə aşiq olan insanlar da mövcuddur. Beləliklə, xarici üzvlərimiz bu vəsilə ilə artır. Onlar da öz ölkələri ilə əlaqəli şəkildə jurnalistika fəaliyyətlərini həyata keçirirlər. Zaman-zaman artır-azalır. Önümüzdəki dövrdə üzv sayılarımızın artacağını güman edirik.  Xarici jurnalistlər hər zaman olacaq.

 

- Qarabağı ziyarət edəcəksinizmi?

 

- Mütləq şəkildə işğaldan azad edilmiş Qarabağ ərazilərini ziyarət etmək istəyirik. Azərbaycan bizim öz məmləkətimizdir. Əziz Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətik. Türkiyədə Azərbaycan çox önəmlidir.  Ulu Öndər Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Müharibə zamanı Türkiyədə bütün ürəklər Azərbaycan üçün çarpırdı. Alanyanın hər yerində Azərbaycan bayraqları asıldı. Azərbaycanın qələbəsi ilə qürurlandıq. Onunla fəxr etdik. Beynəlxalq Jurnalistlər Birliyi Azərbaycanın  qələbəsinin ardından Türkiyədəki xarici jurnalistləri Azərbaycanın işğaldan azad etdiyi Qarabağa, Şuşaya gətirdi. Azərbaycanın haqlı mübarizəsini xarici jurnalistlətə izah edib, erməni zülmünü onlara göstərdi. Bu da Azərbaycanın tanıdılmasına  vəsilə oldu. Bizim ofisimiz eyni zamanda Beynəlxalq Jurnalistlər Şurasının təmsilçilik ofisidir. Dolayısı ilə biz bundan qürur duyduq. Azərbaycanın haqlı mübarizəsinin dünyaya tanıdılmasında kiçik də olsa, pay sahibi olduğumuz üçün sevincliyik.

 

1357430

1357432

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı