Modern.az

“Qatıq satan da sədr olmaq istəyir” - Siyasi partiyaların zəifliyinin SƏBƏBİ 

“Qatıq satan da sədr olmaq istəyir” - Siyasi partiyaların zəifliyinin SƏBƏBİ 

3 Avqust 2022, 09:16

İndiyədək Azərbaycanda 58 siyasi partiya dövlət qeydiyyatına alınıb. Partiyaların sayının kifayət qədər çox olmasına baxmayaraq, onların fəaliyyəti haqqında birmənalı fikirlər səsləndirilmir. Belə ki, siyasi partiyaların zəiflədiyi, heç bir fəaliyyətlə məşğul olmadığı, gənclər və qadınlar təşkilatına ümumiyyətlə, diqqət ayrılmadığı qeyd edilir.

 

Siyasi partiya rəhbərləri isə sözügedən iddialarla razılaşmır. Partiya sədrləri düşünür ki, təşkilatların zəifləməsinin obyektiv və subyektiv səbəbləri var.

 

Müsavat Partiyasının sədri Arif Hacılı Modern.az-a açıqlamasında bildirib ki, partiyaların fəaliyyətsizliyi, rəhbər şəxslərin dəyişməməsi, qadınlar və gənclər qolunun mövcud olmaması və digər iddialar Müsavat Partiyasına aid deyil. 

 

 

“Partiyamız dəyişiklikləri nizamnamə ilə məcburi edir. Həm rayon təşkilatının sədrləri, həm partiya başqanı iki dönəmdən artıq vəzifəyə seçilə bilməz. Partiyanın güclü və təsir imkanlarına malik olan qadınlar və gənclər qolu da mövcuddur. Bütövlükdə partiyalara axın olmaması ölkədə olan siyasi vəziyyətlə bağlıdır”, - Müsavat başqanı deyib.

 

Arif Hacılının sözlərinə görə, arzu olunan səviyyədə olmasa belə, Müsavat Partiyasına hər ay qəbul aparılır:

 

“Tanınmış jurnalistlər, bir sıra şəxslər də partiyaya qəbul olunublar. Bu məsələ barədə mətbuata məlumat verilib. Təbii ki, siyasi durğunluq həm də pandemiya qadağaları ilə bağlıdır. Vətən müharibəsində insanların Qarabağın işğaldan azad olunması istiqamətində fəaliyyətə köklənməsi və digər amillər süslüyə səbəb olub, ancaq bu arxada qalıb. Yaxın dövrdə fəallığın artması qaçılmazdır”.

 

Ümid Partiyasının rəhbəri İqbal Ağazadə də lideri olduğu təşkilatın həm rəhbərliyində, həm də qadın qolunda kifayət qədər gənclərin olduğunu söyləyib:

 

“Partiyanın bir xanım müşaviri, partiya sədrinin xanım müavini var. Onlar kifayət qədər televiziyalarda, müzakirələrdə, ictimai-siyasi fəaliyyətdə iştirak edirlər. Partiyanın qadınlar və gənclər qolları da aktivdir. Siyasi partiyaların fəaliyyət göstərməsi üçün həm pandemiyadan, həm də hakimiyyətin yanaşmasından dolayı ciddi səbəblər var. Yoxsa siyasi partiyaların zəifləməsi anlayışı yoxdur. Ümid Partiyası bu gün siyasi partiya olaraq strukturlaşmış və tərəfdarı olan partiyadır. Regionlarda da artıq bir aydan çoxdur ki, hər həftə görüşlər keçirilir”.

 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, ölkədə siyasi partiyaya münasibət müəyyən dövrdə həddindən artıq kəskin və radikal olduğundan, vətəndaşlar siyasi partiyalardan kənar dururlar:

 

“Eləcə də qanunda siyasi partiyaların imkanları məhdud olduğuna görə, siyasi partiya üzvü olmaq mənasını itirib. Bu səbəblərdən dolayı insanlar partiya üzvü olmağa meyl etmirlər. Partiyaların burada günahı yoxdur”.

 

AĞ Partiya rəhbəri Tural Abbaslı vurğulayıb ki, siyasi səhnənin aktyorları partiyalardır:

 

“Təsadüfi insanlar, yoldan keçənlər, qatıq satanlar partiya sədri olmalı deyil. Siyasi kadrlar partiyalarda yetişməlidir. Siyasi partiyalar isə dövlətin siyasi həyatında xüsusi çəkiyə malik olmalıdır. Ona görə, insanların partiyalar haqqında diskussiyası təbiidir. Tənqid və ya tərif etsələr də.

 

Azərbaycanda 58 siyasi partiya var. Onların 50-yə yaxınının sədrlərindən başqa heç nəyi yoxdur, nəinki gənclər təşkilatı və qadınlar qolu?! Partiya üzvü olmaq diqqət cəlb etmir. Hansısa gənc, xanım və ya kişi bilsə ki, təqib olunacaq, evinə polis gələcək və s. partiya üzvü olmaq istəyərmi? Bu sarıdan bəlkə də ən az problem yaşayan AĞ Partiyadır. Hər həftə 50-60 nəfərə qədər üzv qəbul edirik. Azərbaycanda ikinci belə partiya yoxdur”.

 

Partiyanın qadınlar və gənclər təşkilatının olduğunu vurğulayan Tural Abbaslı bunu yetərli hesab etmədiyini söyləyib:

 

“Güman edirik ki, partiyalar haqqında yeni qanun qəbul olunandan sonra normal fəaliyyət göstərə biləcəklər. Partiyaların inkişafı sədrlərə və ya partiyanın özünə deyil, dövlətə, millətə daha çox lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI