Modern.az

Partiyalar üçün yeni nəfəs - Seçkidən sonra dövlətdən maliyyə yardımı alacaqlar...

Partiyalar üçün yeni nəfəs - Seçkidən sonra dövlətdən maliyyə yardımı alacaqlar...

Ölkə

12 İyul 2024, 11:58

Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Seçkilər sentyabrın 1-nə təyin edilib. Siyasi partiyalar da aktiv şəkildə seçkilərə hazırlaşır.

 

Artıq Mərkəzi Seçki Komissiyası 20-yə yaxın partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb. Siyasi təşkilatlar dairələr üzrə namizədlərini açıqlamağa başlayıb.

 

Sentyabrın 1-də keçiriləcək seçki siyasi partiyalar üçün də yenilik olacaq. 

 

Modern.az-ın məlumatına görə, seçkidən sonra siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi qaydası dəyişəcək.

 

Belə ki, ötən il qüvvəyə minən “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minəcək.

 

Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

 

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. 

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

 

Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. 

 

Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

 

Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri