Modern.az

Deputatların yazdıqları kitablar: “Qara Duman”, “Tanrı şam yandırıb”…  - ARAŞDIRMA

Deputatların yazdıqları kitablar: “Qara Duman”, “Tanrı şam yandırıb”…  - ARAŞDIRMA

8 İyun 2023, 09:12

Azərbaycan parlamentində təmsil olunan deputatlardan bəziləri siyasi fəaliyyətlə yanaşı, digər bacarıqlara da sahibdirlər. Məsələn, onların arasında həkim, iqtisadçı, musiqiçi, şair və yazarlara da rast gəlmək olar. Müşahidələr göstərir ki, son vaxtlar parlament üzvləri daha çox kitab yazmağa həvəslidirlər. 

 

Modern.az oxucuların marağını nəzərə alaraq Milli Məclisin kitab yazan deputatları ilə bağlı araşdırma aparıb.

 

Araşdırmanın birinci hissəsini təqdim edirik:

 

2 saylı Şərur seçki dairəsindən deputat seçilən İsa Həbibbəyli həm də Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Millət vəkilinin “Vikipediya”dakı bioqrafiyasında 89 kitabın, Milli Məclisin saytında dərc olunan bioqrafiyada isə müxtəlif dillərdə çap olunmuş 40-dan çox kitabın müəllifi olduğu bildirilir. O, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun haqqında kitablar yazıb.

 

Deputat Siyavuş Novruzov da kitab yazan deputatların sırasındadır. O, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabların müəllifidir. Binəqədidən deputat seçilən Azay Quliyevin isə "Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf" adlı kitabı 2018-ci ildə işıq üzü görüb.

 

REAL partiyasının deputatı Erkin Qədirli 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir.

 

Rasim Musabəyovun 90-cı illərdə bir sıra siyasi kitabları dərc edilib. Onun kitabları demokratik hakimiyyət, seçkilər, lobbi qrupları, insan haqları mövzusunda olub. Deputatın Milli Məclisin saytında dərc olunan bioqrafiyasında qeyd olunub ki, o, 300-dən çox kitab, kitabça və elmi məqalənin müəllifidir.

 

YAP-çı deputatlardan olan Hikmət Babaoğlu 75-dən çox elmi əsər, 4 dərslik, 4 monoqrafiya və 3 kitabın müəllifidir. Onun yazdığı kitablar arasında “Dünya siyasəti və beynəlxalq münasibətlər”, “Akdamardan Sarı Gəlinədək erməni yalanı”, “Siyasi təhlil və proqnozlaşdırma”, “İnfoimperializm və media”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”, “Qara Duman”, “Türk tarixi və mifoloji dünyagörüşündə atlar” var. Digər YAP-çı deputat Məlahət İbrahimqızı isə qadın hüquqları və gender məsələləri ilə bağlı 5 kitab yazıb.

 

4 çağırış deputat olan Adil Əliyevin 2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görüb.

 

Deputat Ziyad Səmədzadə də bir sıra dərslik və elmi məqalələrin müəllifidir. Onun araşdırmaları Azərbaycan və Rus dillərində nəşr edilmiş "Dağlıq Qarabağ: naməlum həqiqətlər" adlı kitaba daxil edilib. 2004-cü ildə "Böyük yolun mərhələləri" — "Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər" adlı kitabı çapdan çıxıb. “Çin qlobal dünya iqtisadiyyatında”, “Bakı nefti: qələbənin açarı - şərəfli keçmiş, işıqlı gələcək”, “Azərbaycan XXI əsrin astanasında”, “Azərbaycan iqtisadiyyatı 100 ildə” deputatın məşhur kitablarından bir neçəsidir.

 

Bir neçə ay əvvəl silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın müəllifi olduğu 20-ə yaxın kitab var. O, "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", "Azərbaycanda türk kimliyi və saxta tarix problemi”, "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları", "Asiyadan sivilizasiyaya", "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü- dini-fəlsəfi aspekt", "Azərbaycan türkünün iman davası" və bu yaxınlarda işıq üzü görən "Dirilən adamın düşüncələri" kitablarının müəlifidir.

 

Parlamentin ən çox kitab yazan deputatlarından biri də Cavanşir Feyziyevdir. 2002-ci ildə "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı ingilis dilində, 2008-ci ildə "Sülh fəlsəfəsi" adlı elmi-publisistik kitabı və 2013-cü ildə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı Azərbaycan dilində çap olunub. Deputatın 2014–2017-ci illərdə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr edilib. Onun 2017-ci ildə "Türk Dünyası" adlı beş cildlik toplusu nəşr edilib: "Türk dünyasının təməl dəyərləri"; "Türk xalqları"; "Türk dövlətçiliyi tarixi"; "Türkşünaslıq" və "Türk dünyasının tarixi şəxsiyyətləri".

 

71 yaşlı deputat Eldar Quliyevin bioqrafiyasında qeyd olunub ki, onun Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı, Türkiyədə, ABŞ-də və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunub. Ağsaqqallar Şurasının sədri olan deputatın kitabları arasında “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər”, “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri”, “Kooperasiya Hərəkatı : Təkamülü, Mövcud durumu və İnkişaf meyilləri”nin adlarını çəkmək olar.

 

Milli Məclisin saytında o da qeyd olunub ki, deputat Etibar Əliyev 7 kitabın müəllifidir. “İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” onun kitablarından biridir. Pərvin Kərimzadə 3 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin, Naqif Həmzəyev isə 2 kitabın müəllifidir.

 

Musa Quliyev (Urud) deputat olmaqla yanaşı, həm də şair-publisistdir. “Nuh gəmisinə götür bizi”, “Tanrı şam yandırıb", “Ömürdən 101 şeir”, “Üzü haqqa gedirəm”, “Urud”, “Haqqın var yaşamağa”, “Vətən and yerimiz”, “Uruda iki səfər”, “Hər nə varsa”, “Zəngəzur toponimləri”, “Tənha ağac”, “Adına oxşayan adam”, “The Way To Love” ("Sevgiyə aparan yol") kitabları onun ən məşhur əsərləri sırasında yer alır.

 

Deputat Tahir Mirkişili "Azərbaycanın xarici ticarət siyasəti: reallıqlar və perspektivlər" adlı kitab yazıb. Bundan başqa, Hicra Hüseynova 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin, Asim Mollazadə bir sıra dərsliklərin, Vahid Əhmədov, Səttar MöhbalıyevEldar İbrahimov isə bir neçə kitabın müəllifidir.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru və deputat Aydın Mirzəzadənin bioqrafiyasında onun 13 kitabın müəllifi olduğu bildirilir. Deputatın məşhur kitabları arasında “Demokratiya plyus”, “Azərbaycan, Zaman, İnkişaf”, "Qarabağ düyünü", "Müdriklik dərsləri”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”nin adlarını çəkmək olar.

 

Davamı olacaq...

 

Modern.az Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı