Modern.az

“6-lı masa” hakimiyyətə gəlsə, Azərbaycanla siyasəti necə quracaq? - SƏNƏD

“6-lı masa” hakimiyyətə gəlsə, Azərbaycanla siyasəti necə quracaq? - SƏNƏD

31 Yanvar 2023, 10:12

Türkiyədə müxalif “6-lı masa” - “Millət İttifaqı” prezidentliyə vahid namizədini elan etməyə hazırlaşır. Fevralın 13-də müxalifətin hakimiyyət uğrunda siyasi yarışda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qarşısına kimi çıxaracağı məlum olacaq.
 

“6-lı masa”da təmsil olunan partiyaların nümayəndələri indidən iddialı bəyanatlar verir, hakimiyyətə gələcəkləri təqdirdə ediləcək dəyişikliklərdən söz açırlar.

Bu baxımdan “Millət İttifaqı”nın xarici siyasətdə Azərbaycanla münasibətləri hansı konteksdə quracağı da maraq doğurur.

Modern.az xəbər verir ki, dünən Ankarada “Millət İttifaqı” “Ümümi Siyasət üzrə Anlaşma Mətni”nin təqdimatını keçirib.

Sənəddə müxalifətin Azərbaycanla münasibətlərinə dair xüsusi bölmə də var.

Orada bildirilir ki, Azərbaycanla qardaşlıq əlaqələri qarşılıqlı etimada əsaslanaraq daha da gücləndiriləcək.

Sənəddə Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinə yönəlmiş addımların qətiyyətlə davam etdiriləcəyi, Azərbaycan və Ermənistan arasındakı atəşkəsin davamlı sülhə çevrilməsinə Türkiyənin töhfə verəcəyi qeyd olunur.


Bununla da “Millət İttifaqı” Azərbaycanla bağlı Türkiyənin dövlət siyasətinin dəyişməyəcəyini, təxminən indiki hökumətin siyasətinin davam etdirələcəyini  bildirib.
 

“Millət İttifaqı” Türk Dövlətləri Təşkilatını gücləndirəcəyini də vəd edib.
 

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə vahid namizədi bəllidir. AKP-nin Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birgə yaratdığı “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. 

Kemal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası -CHP), Meral Akşener (İYİ Partiya), Temel Karamollaoğlu (Səadət Partiyası), Ahmet Davutoğlu (Gələcək Partiyası), Ali Babacan (DEVA Partiyası) və Gültekin Uysalın (Demokrat Partiyası) birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi fevralın 13-də elan ediləcək.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı