Modern.az

Bakının məşhur qonaqları - Vyetnamın ilk Prezidentini Azərbaycana gətirən ARZU

Bakının məşhur qonaqları - Vyetnamın ilk Prezidentini Azərbaycana gətirən ARZU

13 Sentyabr 2023, 14:16

Ötən illər ərzində bir çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub. Elə həmin qonaqların da həmçinin...

Modern.az saytı Vyetnam xalqının müstəmləkəçilik və xarici işğalçılara qarşı, habelə azadlıq və müstəqillik uğrunda mübarizəsində çox böyük rol oynamış məşhur dövlət xadimi Ho Şi Minin vaxtilə Bakıya etdiyi səfərlə bağlı araşdırma aparıb.
  
Vyetnam uzun illər Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayış etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib.

Nəticədə ölkənin şimalında Ho Şi Minin ilk Prezidenti olduğu Vyetnam Demokratik Respublikası qurulub. Beləliklə, Ho Şi Min Vyetnamın ilk Prezidenti kimi tarixə düşüb.

Qərb dövlətləri, xüsusilə müstəmləkəçilik siyasəti yürüdən Fransa Vyetnamın şimalında müstəqil dövlətin qurulmasını həzm edə bilmirdi. Buna görə də 1949-cu ildə Qərbin dəstəyilə ölkənin cənubunda Cənubi Vyetnam dövlətinin yaradıldığı elan edildi. ABŞ və Böyük Britaniya da yeni Vyetnam dövlətini tanıdı.



O zaman Qərb dövlətləri ilə “soyuq müharibə” aparan SSRİ 1950-ci ilin 30 yanvarında Ho Şi Minin yaratdığı dövləti - Vyentam Demokratik Respublikasını tanıdı. Həmin ildən başlayaraq Vyetnam hadisələri Vyetnam-Fransa müstəvisindən çıxdı, Qərb-Sovet müstəvisinə keçdi.

1954-cü ilin aprel-may-iyun aylarında Cenevrədə ABŞ, SSRİ, Böyük Britaniya, Çin və Fransa xarici işlər nazirlərinin iştirakı ilə Hind-Çində sülhün bərpası üzrə müşavirə çağrıldı. Müşavirənin sonunda Vyetnam ərazisinin müvəqqəti olaraq iki yerə bölündüyü barədə sənəd imzalandı.

1975-ci ilə kimi Vyetnamda iki dövlət vardı: şimalda SSRİ və Çinin dəstəklədiyi Vyentam Demokratik Respublikası, cənubda ABŞ və müttəfiqlərinin dəstəklədiyi Cənubi Vyetnam.

Ho Şi Min sağlığında Sovet İttifaqına həmişə xüsusi məhəbbət bəsləyirdi. Vyetnam mənbələrində belə yazılır. Bu da səbəbsiz deyildi. SSRİ və onun müttəfiqləri Ho Şİ Minin prezidenti olduğu Vyentama iqtisadi və hərbi yardımlar edirdi.

1959-cu ilin mayında Ho Şi Min yenidən ölkə Prezidenti seçildi.

Elə həmin ildə - 1959-cu ildə onu Sovet İttifaqına dəvət etdilər. Sovet İttifaqı Kommunist Partiyası və Sovet hökumətinin dəvətinə görə, Ho Şi Min yay fəslinin 1 ayı müddətində SSRİ-də qalacaqdı.

Ho Şi Minin SSRİ-yə gəlişi 1959-cu ilin iyuluna təsadüf etmişdi. O, Sovet İttifaqının rəhbərləri tərəfindən təntənəli şəkildə qarşılanmışdı. Vyetnam Prezidenti səfəri zamanı SSRİ-nin bir sıra müttəfiq respublikalarında – Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Ermənistan və Azərbaycanda oldu...

Ho Şi Min 1959-cu il iyulun 23-də Bakıya gəlmişdi. Onu Vyetnamın Sovet İttifaqındakı səfirliyinin əməkdaşı xanım Pham Thi Xuan Phuong müşayiət edirdi.

Ho Şi Min neft məsələsinə xüsusi diqqət yetirdiyinə görə Azərbaycana gəlmişdi. O ümid edirdi ki, xüsusilə Azərbaycan və bütövlükdə Sovet İttifaqı neft və qaz sənayesinin qurulmasında, inkişafında Vyetnama dəstək verəcək.


Ho Şi Min Vəli Axundovun müşayiətilə Xəzərdəki Qum adasında... Lap arxada Vyetnamın SSRİ-dəki səfirliyinin xanım əməkdaşı dayanıb.

Elə həmin gün - iyulun 23-də Ho Şi Min Bakıda sahilə yaxın Qum adasında yerləşən neft yatağına getmişdi. Bu zaman Vyetnamdan gələn ali qonağı Azərbaycanın o vaxtkı rəhbəri - ölkə Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Vəli Axundov müşayiət edirdi. Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin nümayəndələri də Ho Şi Mini müşayiət edən heyətə daxil idilər.

Vyetnam mənbələrində bildirilir ki, Prezident Ho Şi Minin Bakıda zəngin neft-qaz yataqlarına səfər etməkdə bir arzusu var idi: bu sahələrdə birgə işlər görmək. Çünki o bilirdi ki, Vyetnamda da neft var.

“Vyetnamda da dəniz və çoxlu dənizçilər var, İnanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını hələ gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, ardınca  neftin istismarına və emalına yardım göstərəcək, Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz...”, - deyə o zaman Ho Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi.


Vyetnam Prezidenti Azərbaycan neftçilərinin təcrübəsini öyrənir....

Keçmiş diplomat, SSRİ dövründə Azərbaycan Xarici İşlər Nazirliyində Mətbuat və informasiya idarəsinin rəisi işləmiş Fikrət Sadıqov deyir ki, Ho Şi Minin ölkəmizə gəlişi tarixi səfər hesab olunur:

"Çünki bu, Vyetnam və Azərbaycan hökumətləri arasında ilk birbaşa təmas olub və bir çox sahələrdə əməkdaşlığın inkişafına təkan verib.
Ho Şi Minin Vyetnamın tarixində neft-qaz sənayesinin bünövrəsinə ilk kərpic qoyan şəxs kimi xüsusi yeri var.
Ho Şi Minə qədər neft anlayışı Vyetnam insanlarına hələ qəribə gəlirdi. Vyetnam əhalisi ölkədə neftin çıxarılacağına ümid etmədiyi halda, prezident Ho Şi Min buna inanırdı. Çünki o, fransız müstəmləkəçilərin vaxtilə Vyetnamın bəzi yerlərində gizli olaraq neft izləri aşkarladıqlarından xəbərdar idi".


Ho Şi Minin Bakıya səfərindən çox keçməmiş, 1961-ci il noyabrın 27-də Vyetnamın Baş Geologiya İdarəsi ölkədə neft və qazın tədqiqi, axtarışı və kəşfiyyatı ilə bağlı geoloji qrup yaratdı.

1966-cı ildə isə 8 tələbədən ibarət ilk nəsil ali təhsil almaq üçün Azərbaycanın Neft və Kimya İnstitutuna göndərildi. Sonrakı illərdə Azərbaycana göndərilən vyetnamlı tələbələrin sayı artmaqda davam edi. Onlar neft və qaz kəşfiyyatı-istismarı-emalı sənayesi üzrə ali təhsil alırdılar.

Vyetnam mənbələrinə görə, prezident Ho Şi Minin Azərbaycana səfərlə bağlı xatirələrində azərbaycanlıların qonaqpərvərliyindən, insanpərvərliyindən də bəhs olunub. Bu xatirələrdə Ho Şi Min azərbaycanlılar haqqında “dost, qardaş xalq” ifadələrinə xüsusi yer verib.

Ho Şi Minə ikiyə bölünmüş Vyetnamı bütöv görmək qismət olmadı. O, 1969-cu il sentyabrın 2-də 80 yaşında vəfat etdi.

Nəhayət 1975-ci ildə Vyetnam müharibəti bitdi. Şimali Vyetnam və Cənubi Vyetnam Vyetnam Sosialist Respublikası adı altında birləşdirildi.

Vyetnamın neft və qaz sənayesi işçiləri isə mərhum prezident Ho Şi Minin arzusunu yerinə yetirərək, vətəni zənginləşdirmək üçün böyük səy və əzm göstərdilər. Bu əzmkarlıq sayəsində Vyetnam Şərq dənizində neft və qaz yataqları tapdı.


Heydər Əliyev SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnamda...

Vyetnamla Azərbaycan arasında tarixi bağların möhkəmlənməsində mərhum dövlət başçısı Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bu ölkəyə səfəri də mühüm yer tutur. O, Sovet İttifaqının yüksək nümayəndə heyətinin rəhbəri kimi Vyetnamda infrastruktur layihələrinin açılışında iştirak etmişdi.

Vyetnam bu gün də Azərbaycanla isti münasibət saxlayan ölkələr sırasına daxildir. Vyetnam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il sentyabrın 23-də tanımış, elə həmin vaxtdan da iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 

Bu gün Vyetnamın Vunq Tau şəhərində Bakı küçəsi, Azərbaycan paytaxtında isə Vunq Tau adlı küçə var.

Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mütəxəssis hazırlayıb. Onlar təkcə neft-qaz, mühəndislik, tikinti deyil, həm də hərbi, qanunçuluq, riyaziyyat, geologiya və digər sahələr üzrə ali məktəbi bitirib mütəxəssis olublar.

Təkcə  Azərbaycan Neft və Sənaye Universitetində 50 ildə (1967-2017) Vyetnam üçün müxtəlif ixtisasa malik 500-dən çox tələbə ali təhsil alıb.

Azərbaycan ali məktəblərinin məzunları vətənə qayıtdıqdan sonra Vyetnamın bərpası və inkişafına öz töhfələrini veriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama və Vyetnam Sosialist Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana səfərləri iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə təkan verib.
İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri zamanı bu ölkənin başısı Truonq Tan Sanq Azərbaycan Prezidentini öz dövlətinin yaxın dostu adlandırmışdı.
Azərbaycan Prezident İlham Əliyev isə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin 1959-cu ildəki Bakı səfərini xatırlatmış və bu səfərin iki ölkə arasında böyük dostluq körpüsünün və təməlinin qurulmasında xüsusi rol oynadığını vurğulamışdı.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildə Vyetnamın paytaxtı Hanoyda öz səfirliyini də açıb.


23 iyul 1959-cu il: Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Vəli Axundov qızı Nigar Axundova və xanımı Sara Axundova ilə birgə Vyentam Prezidenti Ho Şi Mini Zağulbadakı Hökumət İqamətgahına qonaq aparıb.

Əfqan Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı