Modern.az

Ukraynada döyüşən tək azərbaycanlı xanım: “Mən hər iki xalqın nümayəndəsiyəm” - FOTOLAR

Ukraynada döyüşən tək azərbaycanlı xanım: “Mən hər iki xalqın nümayəndəsiyəm” - FOTOLAR

Reportaj

8 Yanvar 2024, 13:12

Samirə Moroz Ukrayna Silahlı Qüvvələri sırasında Rusiya ordusuna qarşı döyüşən yüzlərlə qadından biridir. Onu digər həmcinslərindən fərqləndirən isə yeganə azərbaycanlı xanım olmasıdır.

Modern.az saytı Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlı qadının qısa hekayəsi təqdim edir.

Samirə Vidadi qızı Moroz milliyətcə azərbaycanlıdır. Onun valideynləri indi Ermənistanda yerləşən, sonralar Vardenis rayonu adını almış Qərbi Azərbaycanın Basarkeçər rayonunun kəndindəndirlər.

1987-ci ildə ermənilərin həyata keçirdiyi etnik təmizləmə dalğası zamanı Samirənin ailəsi də deportasiyaya məruz qalıb. Ailə əvvəlcə Azərbaycana, bir müddət sonra isə Ukraynaya köçüb. Ukraynaya köçəndə Samirənin 4 yaşı olub.

“İndi mənim 40 yaşım var. 22 il əvvəl mən ukraynalı Aleksandr Viktoroviç Morozla evləndim və onun soyadını götürdüm. Üç övladımız var – iki oğlan, bir qız: böyük oğlumuz Ruslanın 20, ortancıl övladım Teymurun 16, qızımız Yasminənin 4 yaşı var”, - deyə Samirə Moroz Ukrayna saytlarından birinə verdiyi müsahibəsində bildirib.


Onun ailəsu Rusiya-Ukrayna müharibəsi başlayana kimi Nikolayev şəhərində yaşayıb.

Həmyerlimiz hazırda Rusiya işğalına qarşı döyüşən Ukrayna Ordusunun azərbaycanlı əsgəridir.

Samirə Moroz Ukrayna sosial şəbəkələrində yayılmış bir video nəticəsində məşhurlaşıb. Həmin videoda  “Bəri bax” Azərbaycan mahnısına rəqs edən həmyerlimizin ukraynalı olmadığını bilən yerli jurnalistlər onun kim olduğunu araşdırıblar.

Jurnalistin “adətən azərbaycanlı oğlanlar ukraynalı qadınlarla ailə qururlar” sözlərinə Samirə Moroz gülərək “bəzən belə də olur”, - deyə reaksiya verib.


Həmyerlimizin sözlərinə görə, həyat yoldaşı Aleksandrla tanış olanda ona deyib ki, “bizim dinimizi qəbul etsən yaxşı olar”. Aleksandr da azərbaycanlı xanımla evlənmək üçün İslam dinini qəbul edib.

Cütlük artıq 22 ildir bir yerdə yaşayır.


Samirə Moroz deyib ki, 2014-cü ildən könüllü, 2022-ci ildən isə hərbi qulluqçu kimi hərbi xidmətdədir:

“Mən Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları Korpusunda hərbi xidmətdəyəm. Həyat yoldaşım da Ukrayna Ordusunda döyüşür. Sosial şəbəkələrdə mənimlə bağlı yayılmış rəqs videosuna gəlincə, həyatımın çox hissəsini Ukraynada keçirsəm də, vətənimi heç vaxt unutmamışam. Azərbaycan həmişə ürəyimdədir, bu sevgini, hissləri sözlə ifadə edə bilmirəm. Mən özümü hər iki xalqın nümayəndəsi hesab edirəm. Əminəm ki, həm Azərbaycan, həm də Ukrayna xalqları qələbəyə və sevgiyə layiqdirlər. Yəni, birincisi, mən azərbaycanlıyam, ikincisi, Azərbaycan musiqisini sevirəm. Həmin video da belə yarandı”.

Samirə Moroz Ukrayna mediasına müsahibəsində azərbaycanlıların Ermənistandan qovulması və Qarabağ həqiqətləri haqda da danışıb:

“1988-1990-cı illərdə ermənilər bizi vətənimizdən didərgin salaraq, rusların dəstəyi ilə keçmiş Dağlıq Qarabağda separatçı hərəkətlərə başladılar. Bu müharibə keçmiş muxtar vilayətin və 7 rayonun itirilməsinə səbəb oldu. Ermənilər uşaqları, qadınları, qocaları öldürür, girov götürür, işgəncə verirdilər. Onlar Xocalı qətliamını da həyata keçirdilər”.



O, Ukraynanın azadlığı uğrunda mübarizə aparan azərbaycanlılardan da bəhs edib:

“Bilirəm ki, yüzlərlə igid azərbaycanlımız burada döyüşür, bəziləri isə həlak olub. Allah onların hamısına rəhmət eləsin. Rusiya təcavüzkardır, ruslar xarici işğalçılardır. Vəhşiliklərinə görə nə bu dünyada, nə də axirətdə onlar üçün bağışlanma yoxdur.

Fikrimcə, Rusiya olmasaydı, bir çox ölkələr, xüsusən də keçmiş Sovet İttifaqında olan ölkələr müharibənin nə olduğunu bilməyəcəkdi. Ona görə də Ukraynada döyüşən azərbaycanlı qardaşlarımı salamlayıram. Deyəsən, yeganə azərbaycanlı döyüşçü qadın mənəm”.

Həmyerlimiz “müharibədən sonra nə etməyi planlaşdırırsınız” sualına belə cavab verib:

“İxtisasca iqtisadçıyam. Ali menecment təhsilim var. Təbii ki, qələbədən sonra müəyyən planlar var. Amma mən ilk növbədə bir ana kimi övladlarımın sağlam böyüməsi, yaxşı təhsil alması, xoşbəxt həyat sürməsi üçün nə edə biləcəyimi düşünürəm.

Nə yaxşı ki, 3 il əvvəl Azərbaycan ordusu işğalçılara qalib gələrək Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçını işğaldan azad etdi. Təəssüf ki, bunlar şəhidlərimizin qanı bahasına oldu. Şəhidlərimiz rahat yatsınlar. Veteranlarımıza isə can sağlığı arzulayıram”.
 


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir