Modern.az

Müəllimlərə də telefondan istifadə qadağan edilsin -  ŞOK TƏKLİF

Müəllimlərə də telefondan istifadə qadağan edilsin -  ŞOK TƏKLİF

Təhsil

16 Sentyabr 2023, 12:42

Bir neçə müddətdir şagirdlərin məktəbdə telefon istifadə etməsi ilə bağlı müzakirələr aparılır. Valideynlərin əksəriyyəti övladlarının təhlükəsizliyi səbəbindən onları telefonla məktəbə göndərdiklərini deyirlər.

 

Ötən günlərdə Elm və Təhsil Naziriliyinin yeni tədris ili ilə bağlı keçirdiyi birifinqdən sonra bu mövzu yenidən gündəmə gəlib.

 

"Hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır onu almaq harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz",- deyə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bu mövzunun ciddi araşdırmaya ehtiyacı olduğunu bildirib.

 

“Hesab edirəm ki, bu qərar ciddi şəkildə təhlil olunmalı, araşdırılmalıdır. Bu sadəcə bir məsələ deyil. Bunun mexanizmləri ciddi formada düşünülməlidir. Bir variant təmamilə yığışdırlmasıdır, digər variant məktəbə gələn zaman götürülməsi, məktəbdən çıxanda verilməsidir. Bu artıq Elm və Təhsil Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Düşünürəm ki,  bu təkcə şagirdlərə yox, müəllimlərə də tətbiq olunmalıdır ki, məsələ həllini düzgün tapa bilsin”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bu mövzuda başqa ölkələrdəki təcrübədən danışıb.

 

“Əksər ölkələrdə məktəbə telefon aparılsa da, dərs zamanı onun istifadəsinə icazə verilmir. Bunun üçün xüsusi yerlər var, telefonu ora qoyurlar, dərs bitəndə valideynlə əlaqə saxlayırlar.

 

Hələ ki bizim məktəblərimizin infrastrukturu ona uyğun deyil. Onsuz da dərs prosesində telefondan istifadəyə icazə verilmir. Reallıqda görürük ki,  yuxarı sinif şagirdləri gözdən yayınaraq istifadə edirlər. Hər müəllim özü uşaqlarla müəyyən formada razılaşma edir, dərsə başlayanda telefonları yığır, bəziləri qadağan edir, müxtəlif nəzarət  mexanizmləri edirlər. Mən də düşünürəm ki, dərs prosesinə maneə olursa, telefonların istifadəsinə icazə verilməməlidir. Çünki yuxarı siniflərdə nəzarət mexanizmi  təəssüflər olsun ki, güclü olmur. Ümumilikdə əgər keyfiyyətli təhsildən danışırıqsa,  telefon əgər dərs vasitəsi kimi istifadə edilməyəcəksə, uşağı yayındıracaqsa, mən də tərəfdarıyam ki, qadağa olunsun. Hal-hazırda biz buna çox da hazır deyilik. Bu məsələni cəmiyyətdə də müzakirə etmək lazımdır. Mən tərəfdarıyam ki, yayındırıcı vasitələr məktəbdən yığışdırılsın”.

 

Günel Səfərova da təhsilə maneə olacağı halda, bu qadağanın müəllimlərə də tətbiqinin lazımlığını vurğulayıb.

 

“45 dəqiqə müəllimin dərsi keçməsi, uşaqlarla dərsi müzakirəsi üçün verilən vaxtdır. Bunun bir neçə dəqiqəsi telefona, nəyisə yazmağa, nəsə etməyə sərf olunsa, biz bunun yaratdığı maneələri görə bilərik. Əgər müəllim telefonu dərsə gətirib, mövzunun araşdırılmasında  istifadə edə biləcəksə, biz bunu dəstəkləyə bilərik. “Google”da araşdırır, “YouTube”dan müzakirələr edir, yəni təhsilə texnolgiyanı gətirir. Yox əgər bu maneə olacaqsa, niyə də istifadə etsinlər? Biz nümunə gətirdiyimiz təhsil sistemi yaxşı olan ölkələrdə telefondan istifadəyə icazə verilmir. Onlar da zamanla belə qənaətə gəliblər ki, telefon dərsə maneə olan vasitələrdən biridir. Həqiqətən də belədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!