Modern.az

Təhsildə yenilik: DİM fərqli imtahanlar keçirəcək - AÇIQLAMA

Təhsildə yenilik: DİM fərqli imtahanlar keçirəcək - AÇIQLAMA

Təhsil

25 İyul 2024, 09:48

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sturukturu yenidən qurulub. Mərkəzin Direktorlar Şurası ləğv edilib, əvəzində Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. 

 

Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti, İdarə Heyəti isə Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib.

 

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə Müşahidə Şurasının üzvləri təyin olunub.

 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

 

Təhsil eksperti Elçin Əfəndi sözügedən dəyişikliklərlə bağlı Modern.az-a deyib ki, Dövlət İmtahan Mərkəzi bugünə qədər Publik Hüquqi Şəxs statusunda idi: “Həmin status saxlanıldı. Sadəcə olaraq qurumun təsisçi hissəsi dövlət başçısının səlahiyyətinə keçdi".

 

O qeyd edib ki, Müşahidə Şurasında bir neçə nazirliyin əməkdaşı, yəni nazir müavinlərinin təmsil olunması onu deməyə əsas verir ki, qarşıdakı dövrdə bu günə qədər bildiyimiz və gördüyümüz deyil, fərqli imtahanlar və qiymətləndirmələri də həyata keçirəcək: "Burada müsbətə doğru gözləntilər var. Artıq proseslərin icrası daha çox diqqətdə saxlanılacaq. Əgər bu günə qədər hansısa texniki, elmi səhvlər yaxud anlaşılmaz vəziyyətlər yaranırdısa, bunlar aradan qalıdırılacaq”.

 

Qeyd edək ki, Mərkəzin yeni nizamnaməsində Müşahidə Şurasına geniş səlahiyyətlər verilib. Şura İdarə Heyətinin fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır.  Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək də Şuraya tapşırılıb.

 

Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edir ki, Müşahidə Şurasının yaradılmasının müsbət cəhətləri çoxdur.

 

"Ən önəmlisi, bu şura DİM-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Ölkəmizdə ən mühüm imtahanları DİM keçirir. Belə bir qurumun Müşahidə Şurasının olması zərurət idi. Məhz bu məqsədlə Müşahidə Şurasının yaradılması məsələsi Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanında əksini tapıb. Sözügedən şuranın üzvlüyünə təyinat alan şəxslər də ictimai nüfuzu olan şəxslərdir. Son illər ölkəmizdə təhsil islahatları dərinləşib. DİM-in yeni yaradılan Müşahidə Şurasını da bu islahatların bir hissəsi saymaq olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri