Modern.az

“Hər kəsə “müəllim” demək yaxşı deyil” - Azərbaycan üçün ən optimal müraciət formaları  

“Hər kəsə “müəllim” demək yaxşı deyil” - Azərbaycan üçün ən optimal müraciət formaları    

Hadisə

25 Oktyabr 2018, 08:43

İnsanlar bir-birinə müraciət edərkən sadəcə ad çəkmək yetərli olmur. Uşağı və ya yaxın dostu, yoldaşı adətən adla çağırırlar. Yaşca böyüklərə, xanımlara, tanış olmayan şəxslərə isə müraciət edərkən hörmət bildirən, nəzakətli ifadələrdən istifadə edilir. Hər cəmiyyətdə qəbul olunmuş sosial davranış kodeksi, qaydaları, ümumiyyətlə, etiket mövcuddur: o cümlədən, müraciət edilən şəxsin adı və soyadından əlavə, müəyyən ifadələrin işlənməsi zəruri sayılır.

Azərbaycanda müraciət formaları tarix boyu fərqli ifadələrlə zəngin olub, dəyişib. Sovet dövründən əvvəl ədəbi dilimizdə  daha çox “ bəy”, “xanım”, “ağa”, “qardaş”, “əfəndi” və digər müraciət formaları işlədilirdi. Sovet dövründə isə bu müraciət formaları bir qədər quru və çox rəsmi səslənən “yoldaş” sözü ilə əvəzləndi. Daha sonra “müəllim” və “müəllimə” kimi çağırış formaları da bu siyahıya əlavə olundu.


Azərbaycanın müstəqiliyi ilə “yoldaş” sözü müraciət ifadələrimiz arasından çıxdı. 1992-ci ildə AXC hakimiyyəti ilə Azərbaycana “bəy” və “xanım” müraciət formaları gəldi. Xüsusilə, bir qədər istehza ilə qarşılanan “bəy” sözü keçmiş sovet vətəndaşlarında əski dönəmlərdəki “burjua” sisteminin qalığı kimi təcəsssüm olunurdu. Buna baxmayaraq, bir müddət sonra  “bəy, xanım” sözləri müraciət forması kimi danışıq dilimizə daxil ola bildi. “Müəllim” sözü isə öz mövqeyini qoruduğu halda “müəllimə” ifadəsi müraciət forması kimi dilimizdən yavaş-yavaş çıxmağa başladı.

Hazırda bir çox insana (kişilərə) “bəy” və ya “müəllim” deyə müraciət etdikdə, qıcıqlanır, etiraz edir. “Müəllim” deyə çağırılmasını qəti qəbul etməyən, bunu Sovet dövrünün qalığı kimi qiymətləndirən şəxslər heç də az deyil. Bəzən isə hər kəsə “müəllim”, yaxud hər kəsə “bəy” deyə müraciət edən insanlara rast gəlirik. Bəs görəsən, XXI əsr Azərbaycan cəmiyyəti üçün ən optimal müraciət forması hansılardır?

Bu barədə fikirlərini Modern.az-la bölüşən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ən optimal müraciət forması elə “bəy” və “xanım”dır:


“Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində “bəy” sözü çox işləndi. Sonralar isə bu sözə bir qədər müxalifət yönündən baxdılar, qəribçiliyə saldılar. Halbuki, kiməsə “bəy” deyəndə, “mənəvi cəhətdən zəngin insan” demiş oluruq. Yüksək rütbə daşıyan məmurlarımız belə Türkiyədən gələn qonaqlara “bəy”, öz vətəndaşlarımıza “müəllim” deyə müraciət edirlər. Düşünürəm ki, bu gülüncdür. Biz ümumən Türk dünyası ilə yaxınlıq olmasını istəyiriksə, yeni şeylər ixtira etməyimizə ehtiyac yoxdur. İnsanların əksəriyyəti bir-birinə “bəy” deyə müraciət edirsə, bu sözün mənfi mənası yoxdursa, pis nə isə axtarmağımıza ehtiyac varmı? Elə ən yaxşısı budur ki, biz də “bəy” deyək”.


Sosioloq “müəllim” ifadəsi ilə müraciətin son zamanlar qıcıq yaratmasının səbəblərini də izah edib:


“Sovet dövründən etibarən hər kəsə “müəllim” deyirlər. Fəhləyə, müdirə, məmura... Əslində haqlı iraddır ki, müəllim sənətdir, peşədir, mənası “öyrədən”dir. Ona görə, hər kəsə “müəllim” deyib, çağırmaq yaxşı deyil. Amma istənilən peşə sahibinə, hətta yeniyetmələrə, orta yaşlı və yaşlı insanlara da “bəy” demək olar. Bütün bunları nəzərə alaraq, mənə görə ən optimal müraciət forması “bəy” və xanımdır”.

Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır