Modern.az

Alicənab insan, nurlu ŞƏXSİYYƏT...

Alicənab insan, nurlu ŞƏXSİYYƏT...

22 Dekabr 2021, 07:30

Dekabrın 22-də Azərbaycan mətbuatının  patriarxlarından biri, Əməkdar jurnalist Nəsir İmanquliyevin anadan olmasının 110 ili tamam olur.

 

Həyatın təsadüflər üzərində qurulan zərurətlərdən ibarət olmasını dərk etdikcə, bir el bayatısında deyilən həqiqəti xatırəndə təkrarlanır:

 

Ay var bir günə dəyməz,

Gün də var min aya dəyər...

 

Bəli, həyatda elə günlər olur ki, onları təsadüf hesab etmək olduqca çətindir. Bir həqiqət var ki, təsadüf həmişə zərurətdən doğur... Sanki Ulu Yaradan gələcək həyat yolunu müəyyən etmək üçün insanı elə şəxsiyyətlərlə qarşılaşdırır ki, bununla da  ona gəlcəyinin işarələrini, görüntülərini  göstərir, istiqamətlərini verir... Bu, bəlkə də, bəşər övladının adına qismət dediyi taleh yolunun bələdçisi, aparıcı qüvvəsi, ilhamvericisidir... 

 

Desəm ki, mənim də gələcək taleh yolum Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının patriarxlarından biri, Azərbaycanın Əməkdar jurnalisti, gözəl insan, ləyaqətli şəxsiyyət, əziz əmim, ən nəhayət ustadım Nəsir İmanquliyevlə  görüşümdən sonra formalşıb, səhv etmərəm. Nəsir müəllimin yubileyi ərəfəsində haqqında qəlbimdə bəslədiyin ən şirin xatirələri təkrar-təkrar varaqlamaqla, qələmə almaqla, həmişə onun ruhunu şad etmək, nurlu şəxsiyyətinin cizgilərini yartamaq  istəyində  oluram...

 

Belə bir deyim də var ki, tarixi şəxsiyyətlər yaradır... və bu tarix hər gün, hər saat çoxlarının gözləri önündə  yaranır... Fikrimin davamı olaraq deyim ki, az qala hər kəsin ömründə elə təsadüfi və ya zəriri, fərqi yoxdur, qəribə hadisələr olur ki, yaddaşlarda iz buraxır, xatırlana-xatırlana nəsildən-nəslə  ötürülür. Sən demə elə bu, yaranmaqda olan tarixin özüdür...  Mən atamı çox erkən yaşımda itirmişdim... Yaxşı yadımdadır, həmin ərəfədə Hacı Şamil əmim dedi ki, köhnə dostumuz Nəsir müəllim, Əyyubla  Lerikə  gəlir ki, uşaqlara baş çəksin...

 

Mən dərsdən qayıdanda həyətimizdə «Volqa»nın dayandığını gördüm... Evə keçdim. Əyyub əmimlə görüşdüm və  Əyyub əmi mənə:  Bu da Nəsir əmindi, mənim qardaşım... Onunla da görüş –dedi. Belə başladı hələ onda yaxşı tanımadığım, Azərbaycan  mətbuatının  görkəmli simalarından biri, böyük ziyalı Nəsir  müəllim İmanquliyevlə  tanışlığım...

 

 

...Bir müddət qolları boynumda qalan Nəsir müəllim ilk söhbətdən dərslərimlə maraqlandı... Sonra Əyyub əmim bizi kəndimizə, Rvaruda apardı... Nəsir müəllim kəndə çatanda ayağı altda qurban kəsdilər... Sonra uca zirvələrə aparan yollarla bulaq başına qalxdıq... Nəsir müəllimin gəlişi kədimizdə toy-bayrama çevrilmişdi... Nəsir müəllim tez-tez dağlara baxır, ah çəkirdi. Əyyub əmim:

 

— Nə olub belə pərişansan, ay ağsaqqal? — deyə  zarafâtla soruşdu...

   — Eyyub, doğma yerlərin  havasını  duyuram... Bir addım o yana... 

 

İkisi də bir an sükuta qərq oldu... amma mən heç nə anlamadım...  Sonra, Hacı Şamil əmim dedi ki, Nəsir müəllim, elə öz yurdundasan da, bir addım o yana sənin el-obandı... Əyyub əmi, zarafatla Nəsir müəllimə dedi ki, ay ağsaqqal, sən çörəyini ye, bulaq suyundan iç, bir azdan maşın gələr, dağlara qalxıb el-obana tamaşa edəcəyik...

 

Uşaq olmağıma baxmayaraq bu söhbət məni yaman tutmuşdu. Ara sakitləşəndə Nəsir müəllimə baxıb: «Nəsir əmi, məyər bu kənd sizin də kəndiniz deyil ki?!, bura bizim kəndimizdir axı» dedim. Nəsir müəllim əlini boynuma salib gülümsündü və “hə, mən də buradanam, sadacə bizim evlər bir az o tərəfdədir” — dedi...  Biz ora gedəcəyik? — deyə soruşdum,.

 

— Allah qoysa   gedəcəyik — dedi...

 

Bir azdan maşın gəldi və əmilərim maşına oturub dağlara qalxdılar... Çox sonra bildim ki, Nəsir müəllimin əsli-kökü kəndimizə yaxın, sərhədin o tayındadır...

 

Rayona qayıdanda yenə, «Nəsir əmi, şizə getmədik axı» dedim... Kişini  qəhər  boğdu.

 

— Allah qoysa gedərik, bala, — dedi.

 

Əyyub əmim söhbətə qarışdı və dedi ki, ay bala, Nəsir əminin evi Bakıdadır, Bakıya gedəndə gedərsən onlara... Burada isə bizim evlərin hamısı onundur..Sonra da Nəsir müəllimə zarafatla dedi ki, “bu da  deyəsən  jurnalist olacaq, sual verməkdən yorulmur”. Nəsir müəllim  də cavabında: “təki elə olsun, məncə çox yaxşı olar... elə bilirsən olmaz,  əlbəttə, o da Nəsir əmisinin peşəsini seçəcək, görərsən...”

 

Onlar həmin gün rayon mərkəzində - Hacı Şamil əmim gildə  gecələdilər...  Səhər-səhər dərsə gedəndə onların yola hazırlaşdlğını  gördüm... Nəsir müəllim məni çağırıb:

 

— Hə, yoldaş jurnalist, sabahın xeyir, əmilərini yola salmaq istəmirsən?! Sonra da mənə xeyli nəsihətli sözlər dedi... Yadımdadır, dedi ki, sən böyük  şəxsiyyətin oğlusan, əmilərin də tanınmış adamlardı... Sonra da bir məsəl çəkdi və mən o məsəli məktəbə gedə-gedə dəftərimə yazdım: «Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır...»

 

 

İllər keçdi... Məktəbi qurtarıb Bakıya, Əyyub əmim gilə gəlmişdim. İnstituta hazırlaşırdım... Əyyub əmi telefonda kiminləsə danışırdı... Hiss edirdim ki, qanı qaradı... Dəstəyi asandan sonra: «Bu kişiyə deyirəm özünü öldürmə, əsəbiləşdirmə, elə bildiyini edir...  Kardiologiya institutuna aparıblar, gedib ona dəyim, görüm  necədəir...»  Astadan soruşdum ki, əmi, kimi aparıblar xəstəxanaya?!  Dedi:

 

— Nəsir müəllimi. İndi onun maşını gəlir, ora gedirəm...

 

 Ürəyimdən Nəsir müəllimi görmək keçsə da əmimə bu istəyimi bildirməyə cürət etmədim... əsəbi idi...  Birdən əmim mənə: “Çantanı götür, çıxaq “Baksovet“ metrosunun qabağına,  maşın ora gələcək” — deyənda Nəsir müəllimi görəcəyimə sevindim. “Baksovet“  metrosunun qabağında xeyli gözlədik... Yolun kənarında «Volqa»nın dayandığını gördüm... Lerikdə gördüyüm Möhsün kişi maşından düşəndə bildim ki, bu, Nəsir müəllimin sürücüsüdür. Əyyub əmi maşına yaxınlaşdı və keçib ön oturacaqda əyləşdi...  Sonra mənə “keç otur” dedi. Maşına oturanda arxa oturacaqda  bir qadının əyləşdiyini  gördüm...

 

Bir qədər söhbətdən sonra bildim ki, bu qadın Nəsir müəllimin ömür-gün yoldaşı  Gövhər  xanım imiş  (məzarı nurla dolsun).  Gəlib 5 nömrəli xəstəxananın yanında dayandıq... Onlar düşüb Nəsir müəllimə dəyməyə getdilər... Bu dəfə Nəsir müəllimi görmək mənə nəsib olmadı...

 

Nəsir müəllimin Ömür kitabından:

 

1875-ci ildə  “Əkinçi” qəzeti ilə Azərbaycan Milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi xalqın maariflənməsi yolunda böyük bir uğura imza atdı... Həsən bəyin “Əkinçi”sinin səpdiyi toxumlar uzun müddət şəraiti heç də yaxşı olmayan bir  zaman zəmisində çətinliklə cücərsə də, münbit olmayan mühitdə məhv olmadı, yaşadı, artdı, inkişaf etdi... təbii ki, bu yaşam hər dövrün öz Zərdabisini yetişdirdi və onların çiyinlərinə mətubatımızın ağır yükünü qoydu...  Söhbətimizi mətbuat tariximizdən salmaqda məqsəd uzun müddət elə həmin mətbuatın ağırlığını çiyinlərində çəkən, öz dövrünün Zərdabisi olan bir şəxsiyyətin  ömürlüyünə nəzər salmaqdı... Professor, Əməkdar jurnalist, böyük müəllim  Nəsir İmanquliyevin hamıya örnək olan mənalı həyatına... Hər ömür özlüyündə bir tarixdir... Elə ömür də var ki, o hamının bilməli olduğu tarixin özüdür...

 

 

Azərbaycanın Əməkdar jurnalisti, görkəmli  elm xadimi, mətbuatımızın patriarxlarından biri, ustadım Nəsir Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövrü mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunub. Təhsil aldığı illərdə həm də “Kommunist”, “Yeni yol” və “Gənc işçi” qəzetlərində əmək fəaliyyəti göstərib. 1932-1952- ci illərdə bu qəzetlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. Nəsir İmanquliyev 1942-ci ildə  siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. O, burada, həm  “Vuruşan Krım” qəzetinin məsul katibi kimi, həm də hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib.

 

1943-cü  ildə Nəsir  müəllim “Kommunist” qəzetinə məsul katib təyin olunub və  bu qəzetdə o, vətənpərvərlik mövzusuna həsr edilən çoxsaylı məqalələrlə tez-tez çıxışlar edib. 1947-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində pedaqoji fəaliyyətə başlayan Nəsir müəllim Azərbaycanda jurnalist kadrlarının yetişməsində əvəzsiz xidmətlər göstərib. O, 1956-cı ildə 41 yaşında ikən Azərbaycan KP MK-da yüksək vəzifəyə: Təbliğat –təşviqat şöbəsinin müdir müavini  təyin olunub. Bir qədər sonra isə Azərbaycan Mədəniyyət Nazirliyinin Radio Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb...

 

1958-cı il yanvarın 10-da Azərbaycan mətbuat tarixində xoş bir hadisə baş verdi. “Bakı” axşam qəzetinin ilk sayı  işıq üzü gördü. Beş il sonra, 1963-cü il iyulun 1-də isə rus dilində olan  “Baku”  da şəhər qəzeti kimi fəaliyyətə başladı. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapdı və geniş oxucu kütləsinin rəğbətini qazandı...  “Bakı” və “Baku”  axşam qəzetlərinin böyük şöhrət tapmasında  onların yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin çox mühüm rolu olub. Nəsir müəllimin 60 il müddətində səmərəli fəaliyyət göstərdiyi Azərbaycan mətbuatının 30 ilini baş redaktor olaraq “Bakı” və “Baku”  axşam qəzetlərinə həsr edib. Buna görə idi ki,  “Bakı” və “Baku” qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrildi. Ustadın “Bakı”sında Azərbaycan mədəniyyətinin bütöv bir nəsli yetişib. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu və onlarla belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.

 

Ustadın nəvəsi, Akademik Nərgiz xanım Paşayevanın dediyi kimi, "Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət  idi...”. Bu fikirlər Nəsir müəllimin fəaliyyətini, həyatını, özünəməxsusluğunu ifadə etməklə bərabər, həm də onun dönməz, mərdi-mərdanə xarakterini göstərir... Ustadımın nurlu şəxsiyyətini, haqqa söykənən fəaliyyətini Azərbaycanın görkəmli simalarının onun haqqında dediyi fikirlər də təsdiq edir:

 

Nəsir İmanquliyev o zamanlar çoxunda olmayan cəsarətin simvolu idi.

 

BƏXTİYAR VAHABZADƏ, Xalq şairi .

 

O, mənim könül dostum, arxa-dayağım, yer üzündə  təmənnasızlıq,   xeyirxahlıq nümunəsi kimi tanıdığım, kübarlığı, müdrikliyi ilə öyündüyüm ən yaxın adamım idi. 

 

NƏBİ XƏZRİ, Xalq şairi.

 

Biz – o dövrün “Bakı”lıları sonralar müstəqil vəzifələrdə çalışanda, hər yerdə qürürla “Nəsir müəllimin yetirmələriyik” demişik.

 

CABİR NOVRUZ, Xalq şairi.

 

 

Nəsir müəllim əsl Azərbaycan kişisinin xüsusiyyətlərinin daşıyıcısı, alicənab insan idi... Məncə onun həyat hekayəsinin adını bir sözlə ifadə etməli olsam “Alicənab” yazardım. Mən əsl alicənablıq nümunəsini Nəsir müəllimin nurlu şəxsiyyətində görmüşəm... 1987-ci il idi... Noyabr ayının 15-də Əyyub əmim qəflətən vəfat etdi... Bu itki hamımız üçün çox ağır idi... Simasında varlğımı tapdığım, böyük bir elin arxası, dayağı olan  əmimin ölümü yaman sarsıtmışdı bizi...  O günlərdə də həmdəmimiz  Nəsir müəllim olurdu... məclis yığışandan sonra əmimin uşaqlarını, bizi evə yığıb xeyli söhbət edərdi, təsəlli verərdi... Söhbətlərinin birində dedi ki, sizə nə olub ki, nə olubsa Şamilə, mənə olub, qardaşımızı itirmişik… Sizin hələ Şamil əminiz, Nəsir əminiz var, ay bala...» Nəsir müəllim bir müddət  Lənkəranda əmimin evində qaldı, əzizini itirmiş ailəyə, qohum-əqrabaya dayaq durdu..

 

Əyyub əmim dünyasını dəyişəndən  sonra da o, bu ailə ilə əlaqəni kəsmədi, problemlerinin həllində yardımçı oldu... Nəsir müəllimin bir sözü heç yadımdan çıxmır. Deyirdi ki, dünyanın qanunudur, dost ölə bilər, heç kim əbədi deyil. Lakin gərək dostluq heç vaxt ölməsin, əbədi olsun…

 

Günlərin birində (səhv etmirəmsə 1991-ci ildə) Nəsir müəllim yenə  də əmim gilə gəlmişdi. Mən də tədris təcrübəni Lənkəranda keçirdim və əmim gildə qalırdım. Əmimin böyük oğlu Elşad Nəsir müəllimə mənim şeir yazdığımı demişdi... Bir də dedilər ki, Nəsir müəllim səni çağırır. Getdim. Dedi şeirlərini oxu görüm... Nəsir müəllimin qarşısında şeir oxumaq böyük hünər istəyirdi...

 

— Hə, nə oldu, köhnə dost, yoldaş  jurnalist, zəif yazırsan məyər?!

 

Dedim ki, mən şeirlərimi əzbər bilmirəm... Dedi : “Yazdıqlarını gətir...”

 

Onun sözünü yerə salmaq günah idi... O biri mənzilə keçib portfelimdəki şeirləri əmimin kiçik oğlu Vüqara verib Nəsir müəllimə göndərdim. Özüm isə utandığıma görə getmədim... Bir azdan dedilər ki, Nəsir müəllim dəhlizə çıxıb səni axtarır...  Tərəddüd içində dəhlizə  çıxdım...

 

 

— Ay kişi, sən əsl şairsən, səni təbrik edirəm... Sən bu gündən olursan hamımızın şair qardaşı. Üzünü evdəkilərə tutub: hamınız bu gündən sonra ona “şair qardaş” deyirsiniz, mən də belə deyəcəyəm — dedi. Bakıya nə vaxt gedirsən — soruşdu. Dedim, bir aydan sonra gedəcəyəm. Dedi gecdir, sən bu günlərdə get Bakıya. Gedərsən «Kommunist» naşriyyatında «Bakı» qazetinin redaksiyasına... Ədəbiyyat və incəsənət şöbəsinin müdiri Ağəddin Mansurzadədir. Tanıyırsanmı onu? Dedim, bəli, tanıyıram. Ona deyərsən ki, bu şeirləri Nəsir İmanquliyev  bəyənib və xeyir-duasını da o verib. Yazıları ona ver, qayıt gəl. Mən onun məsləhətini yerinə yetirdim və bir neçə gündən sonra «Bakı» qəzetində altı şeirim xüsusi taqdimatla işıq üzü gördü... Sənətin astanasında Nəsir müəllimin xeyir-duası köməkçim, mayakım oldu...

 

 

Lerikdə “Ziyalı günü” keçirilirdi... Hacı Şamil əmim Nəsir müəllimi də dəvət etmişdi. Elşad Nəsir müəllimi öz maşını ilə gətirmişdi Lerikə. Məni görən kimi, «şair qardaş, xoş gördük» dedi görüşdük, nurlu üzündən öpdüm. Tədbirdə çıxış etdi və bu diyarla onu bağlayan soy-kökümüzlə qurduğu əbədi dostluqdan söz açdı... Tədbirin, eləcə də Nəsir müəllimin  gəzintilərinin, maraqlı söhbətlərinin  videoyazısı bu gün də ən əziz, ən dəyərli yadigar kimi arxivimdə qalır. Axşamüstü Şamil əmim gilə gəldik... Mən ona yeni çapdan çıxan «O gözlərin sirri»  adlı ilk kitabımı təqdim etdim. İlahi, o necə sevindi, necə sevindi... məni təbrik etdi və mənə inandığını bildirdi... Sənət adamı olaraq mənim üçün bundan böyük xeyir-dua, bundan böyük məsuliyyət, bundan böyük alxış indi də yoxdur. Gecə yarısınacan söhbət etdi. Əyyub əmimlə, Şamil əmimlə bağlı xatirələrini danışdı...

 

- Sizin bu Şamil əminiz köhnə kişilərdəndir. Onunla necə tanış olduğunu bizə danışdı… Dedi ki, onun cəsarəti, ağsaqqallığı,  təpədən-dırnağacan ziyalı olması məni valeh etmişdi... O vaxt kəsdiymiz çörək, bu gün da süfrəmizi bəzəyir.

 

 

Sonra Əyyub əmimlə bağlı xatirəlari yada saldı. Dedi ki, rəhmətlik Əyyub bəd günün adamı idi. Çox cəsarətli adam idi…, arada qəhər onu boğurdu. Gözləri yaşarırdı. Bir az fasilə edib sözünə  davam edirdi…

 

Bir neçə ildən sonra Bakıya köçdüm. Nəsir müəllim ilə atalarımızın başladığı dostluğu yaşadan da, davam etdirən də Nəsir müəllimin özü idi. Əyyub əminin böyük oğlu Elşadla tez-tez ona baş çəkərdik. Elşad onun qulluğunda övladı kimi durardı. Nəsir müəllim bir gün Elşadı görməyəndə tez zəng edərdi… onlar demək olar ki, hər gün görüşərdilər….  Nəsir müəllim deyirdi ki, Elşad Əyyubun yoxluğunu  mənə  unutdurub...  Biz Nəsir əminin ad günlərində  onun evinə toplanardıq… Azərbaycanın bütün ziyalı elitası orada olardı… Bu məclislərin birində  Nəsir əminin əziz nəvəsi, xeyirxahlığı ilə el məhəbbəti qazanmış, Azərbaycanın birinci-vitse-prezidenti  Mehriban xanım  Əliyeva da gəldi…   “Dünya gör götür dünaysıdır”  deyib müdriklər. Belə məclislər şəxsən bizimçün nə qədər ibrətamiz, nə qədər  dəyərli idi… Bunları  talehimin mənə ən böyük ərməğanı hesab edirəm…

 

 

Nəsir müəllimin Ömür kitabından:

 

“Bakı” və “Baku” qəzetlərində peşəkarlığın zirvəsinədək uzanan taleh yollarını addım-addım keçib Nəsir müəllim... Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də olub, inadkar yolçunun dünyaya fərdi baxışları, cəsarətli addımları, qayğıkeşliyi və uğurları da. Sadiq əqidə, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və novator yaradıcılıq Nəsir İmanquliyevin   Azərbaycan jurnalistikasında açdığı cığırın, yolun konturlarını təşkil edir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, ustad redaktor, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. O, bütün fəaliyyəti boyu Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrinə sadiq qalıb, onları yaşadıb, cəmiyyət həyatının ən müxtəlif sahələrinə işıq salan yazıları ilə mətbuat tariximizə layiqli töhvələr verib. Nəsir müəllimi yaxından tanıyan bir insan kimi həmişə düşünürdüm ki, Nəsir müəllim işləməkdən yorulmur, ən çox sevdiyi sahədə olduğuna görə zəhmət çəkməkdən zövq alır... Müasir texnologiyaların olmadığı bir zamanda operativ xəbərləri “Bakı” və “Baku”axşam qəzetləri kimi çevik təqdim edən ikinci bir mətbuat orqanı yox idi...  Akademik   N. Paşayevanın təbirincə desək:  “Gün ərzində elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə işıqlandırılmasın. Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və “Baku” axşam qəzetləri bugünkü informasiya agentliklərinin, internetin funksiyalarını yerinə yetirir, gün ərzində baş vermiş hadisələr barədə oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi. Jurnalist öz fəaliyyətində fasilə edə bilməz və Nəsir İmanquliyev də fasiləsiz işləyən peşəkar  jurnalist  idi...”

 

 

Nəsir İmanquliyevin ömür kitabının hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir. Mənəvi keyfiyyətləri və şəxsi dəyərləri Nəsir müəllimi öz örnək məktəbi olan müdrik insan və zamanın nəbzini tutan publisist kimi xarakterizə edir. O, dəyərli ziyalı, jurnalist, yüksək təşkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq olub. Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyevin şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr edən ustadın milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə verdiyi töhfələr misilsizdir. Nəsir müəllim dönə-dönə deyirdi ki, böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Ustada xalq məhəbbəti qazandıran onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqəti idisə, bir şəxsiyyət kimi onu fərqləndirən örnək məktəbi, xeyirxah əməlləri, fərdi xüsusiyyətləri, insani keyfiyyətləri idi. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, rəğbətini qazanmaq və insanları öz ardınca aparmaq kimi yüksək insani qabiliyyəti ilə həmişə seçilib... Nəsir müəllim universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan, “Bakı” və “Baku”nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrədən, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirən bir cəfakeş mətbuat fədaisi olub. Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli xidmətlərindən biri də  “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı əlaqə yaratmasındadır.

 

 

Nəsir müəllim sadə, sadə olduğu qədər də təvazökar insan idi... Onun qeyri –adi qayğıkeşliyi vardı... Tələbələri həmişə ondan ata qayğısı, övlad doğmalığı görürdülər... Evinin qapısı ilk növbədə tələbələrinin, işçilərinin üzünə həmişə açıq olub... Həyat yoldaşı Gövhər xanm da eyniylə Nəsir müəllim kimi insanpərvər, qayğıkeş bir insan olub.  Ustad həmişə evinə dəvət etdiyi tələbələrlə ilk növbədə zarafat edərdi ki, sıxılmasınlar... “...hə Gövhər xanımın çayını içibsinizsə, onda yarı jurnalistsiniz, hazırladığı yeməklərdən də dadsanız onda tam jurnalist olacaqsınız... “ deyib  zarafatlaşardı... bu doğmalığın şahidi olan akademik N. Paşayeva yazır ki, “Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”. Nəsir müəllim ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə qalmayıb. O, nəcib insan, xeyirxah bir ziyalı olmaqla yanaşı, həm də olduqca etibarlı dost idi... Onun dostluğu da sədaqətlə yoğrulan, fərqli və qeyri-adi idi... Həmişə deyərdi ki, “həyatdır, dost ölə bilər, amma gərək dostluq ölməsin...” Süfrəsində çörək kəsdiyi ocaqları öz halal evi bilib, dostları dünyasını dəyişəndən sonra onların övladları ilə haqq-salamı davam etdirərək isti münasibətlərin yox olmasına imkan verməyib... Ona görə Nəsir müəllim təkcə övladlarına, yaxınlarına deyil, onunla yaxın münasibəti olanların hamısına eyni dərəcədə əzizdir... Nəsir müəllimə mən həmişə “əmi” deyə müraciət etmişəm... O, qeyd etdiyim kimi mərhum əmilərim: el ağsaqqalı Şamil və professor Əyyub İskəndərovlarla çox yaxın dost olub... Mən bu əbədi dostluğa həsr edilən çoxsaylı məqalələr qələmə almışam. Bircə onu deyə bilərəm ki, taleh mənə Nəsir İmanquliyev kimi bir ali şəxsiyyəti yaxından tanımaq, onu doğmalarım qədər sevmək və onun əzizlərindən biri olmaq səadəti, xoşbəxtliyi bəxş edib...

 

...Nəsir müəllimin Gövhər xanımla qurduğu ocağın sönməyən çırağı olan yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva dünya şöhrətli elm xadimi olub... Nəsir müəllimin “on oğlana dəyişmədiyi iki qız nəvəsi, məni yüksəklərə qaldıran qoşa qanadım” dediyi, Azərbaycan elminə və mədəniyyətinə sonsuz töhfələr bəxş edən,  xeyirxahlıq mələkləri, ata- baba yolunun sədaqətli məsləkdaşları olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və akademik Nərgiz xanım Paşayeva ustadın  örnək məktəbinin davamçılarıdır...

 

...Nəsir müəllim xəstələnmişdi. Yığışıb onun Ü.Hacıbəyov küçəsində yerləşən evinə getdik… Hər gün Elşad, onun ailəsi və mən  ona baş çəkirdik. Bir dəfə də Nəsir müəllimin yanında olanda onun “Qoşa qanadlarım” dediyi nəvələri: akademik Nargiz xanım Paşayeva və Mehriban xanım Əliyeva ora gəldilər. Nəsir müəllim bizi nəvələrinə təqdim etdi və «Əyyub əminizin övladlarıdır, bir-birinizdan  muğayat  olun», — dedi…

 

…7 mart 1998-ci il. Həmin gün Nəsir əmimizi də itirdik. Biz öyüdlərinə, nəsihətinə daim ehtiyac duyduğumuz əzizimizi, Azərbaycan xalqı isə ağsaqqal ziyalısını itirdi. Bir vaxtlar həyatın axarı saydığım bu hadisələr əslində gözlərim qarşısında yaranan tarix imiş…

 

 

Mən bu xatirə - yaddaşı ustadım, Azərbaycan jurnalistikasının patriarxlarından biri olan  Nəsir İmanquliyevin  ali şəxsiyyətinin  incə  məqamları ilə oxucuları  tanış etmək   üçün qələmə aldım.  Onun şərəfli tərcümeyi-halı, elmi, jurnalistlik fəaliyyəti haqqında  çox yazılıb və hələ bundan sonra da çox yazılacaq. ...Bu dünyada hər şey, eləcə də insan ömrü ötəridir... fəqət, insan dünyasını dəyişəndən sonra yalnız əməllərində yaşaya bilir. Məktəb içində məktəb yaradan və bu məktəbi örnəklərələ, həyat dərsləri ilə dolu olan görkəmli jurnalist, özünəməxsus rəhbərlik üslubu ilə seçilən peşəkar redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan, mərhum Nəsir İmanquliyevi də əbədiləşdirən, qəlblərdə yaşadan onun xeyirxah əməlləri, xidmətləri, gələcək nəsillərə örnək olan şərəfli ömür dastanıdır. Buna görədir ki, Nəsir müəllim zaman-zaman xatırlanır, yad edilir... Mənim Sizə bir övlad, bir davamçı borcum var, ustad... Hər il doğum gününüz ərəfəsində nurlu xatirənizə həsr etdiyim yeni yazı ilə Sizi yad edib ehtiramımı ifadə edirəm... Ruhunuz şad olsun! 

 

ELDAR   İSKƏNDƏRZADƏ 

Azərbaycan Yazıçılar və  Jurnalistlər Birliklərinin

üzvü, Prezident təqaüdçüsü, telejurnalist.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok