Modern.az

Ukraynanın əks-hücumu: Ordu addım-addım irəliləyir - SON VƏZİYYƏT

Ukraynanın əks-hücumu: Ordu addım-addım irəliləyir - SON VƏZİYYƏT

Aktual

19 İyun 2023, 08:47

Ukraynanın əks-hücum əməliyyatı davam edir və Kiyev rəsmiləri bir sıra uğurların əldə edildiyini bildirir.

 

Modern.az bu barədə Ukrayna və Rusiya rəsmilərinə, eləcə də yerli mətbuata istinadən xəbər verir.

 

Rusiya tərəfindən yaradılan qanunsuz qurumların "nümayəndə"lərindən biri Vladimir Roqov Ukraynanın cənubunda yerləşən Zaporojye bölgəsindəki Pyatıxatki kəndinin geri alındığını iddia edib. Rusiya Müdafiə Nazirliyi gündəlik məlumatında Pyatıxatkidən heç bir söz açmayıb və rusların cəbhə xəttinin üç hissəsində Ukrayna ordusunun hücumlarının dəf edildiyini qeyd edib.

 

Ukrayna silahlı qüvvələrinin baş qərargahının gündəlik məlumatında da Pyatıxatkinin adı çəkilməyib. Keçən həftə Ukrayna bu kəndin yaxınlıqdakı Lobkove qəsəbəsinin və Donetsk vilayətinin bir sıra kəndlərinin geri alındığını açıqlayıb.

 

Prezident Volodimir Zelenski Ukrayna qoşunlarının ölkənin şərqindəki döyüşlərin qaynar nöqtələrindən biri hesab edilən Avdiyevka yaxınlığında “hücumları dəf etməkdə çox effektiv” olduğunu deyib. O, gecə videomüraciətində bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı uğurla gedir: "Qoşunlarımız hərəkətdədir, mövqe-mövqe, addım-addım irəli gedirik".

 

Ukrayna rəsmiləri əməliyyat təhlükəsizliyini təmin etmək üçün informasiya məhdudiyyəti tətbiq edib, lakin onlar qeyd edir ki, Rusiya Ukraynanın əks-hücumu zamanı verdiyi itkilərdən qat-qat çox itki verib. Bölgə rəsmisi bildiriblər ki, Ukrayna qüvvələri işğal altında olan Xerson vilayətində Rusiya ordusunun silah-sursat anbarını məhv edib.

 

Britaniya kəşfiyyatının məlumatlarına görə, döyüşlər Zaporojye, Donetskin qərbi və Baxmut yaxınlığında cərəyan edir. "Bütün bu ərazilərdə Ukrayna hücum əməliyyatlarını davam etdirir və kiçik irəliləyişlər əldə edib", - məlumatda bildirilir.

 

1000 kilometr uzunluğundakı cəbhə boyu gedən döyüşlər Afrika sülh missiyasının Rusiya prezidenti Vladimir Putinlə danışıqları başa vurmasından bir gün sonra qeydə alınıb. Missiya nə Moskvada, nə də Kiyevdə ruh yüksəkliyi yarada bilib.

 

Bunlardan başqa, Birləşmiş Millətlər Təşkilatı Moskvanın Rusiyanın nəzarətində olan ərazilərə yardım göstərməyə icazə vermədiyini açıqlayıb. "Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etməyə çağırırıq. Ehtiyacı olan insanlara yardımdan imtina etmək olmaz", - BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun tərəfindən verilən bəyanatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov