Modern.az

Üçüncü tərəf bölgəyə sülh gətirə bilməz - ŞƏRH

Üçüncü tərəf bölgəyə sülh gətirə bilməz - ŞƏRH

14 Mart 2023, 11:37

Cümə günü İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra diplomatik münasibətlərin bərpa edilməsi, səfirliklərin yenidən açılması barədə razılığa gəliblər. Tərəflər arasında razılıq Çinin vasitəçiliyi ilə əldə edilib.

 

İndiyədək Tehran və Ər-Riyad arasında danışıqlar İraq vasitəsilə aparılıb. Çinin tərəflər arasında vasitəçilik etməsi və tərəfləri razılığa gətirməsi bir çoxları üçün sürpriz olub. Çünki, indiyədək Pekinin tərəflər arasında danışıqlara kömək etməsi barədə heç bir məlumat yayılmamışdı.

 

İki ölkə arasındakı əlaqələrin yaxşılaşmasında ənənəvi vasitəçilərin yox, Çinin iştirak etməsi məhz Azərbaycan-Ermənistan sülh prosesində də ənənəvi vasitəçilərin - Qərbin və Rusiyanın deyil, digər vasitəçilərin iştirakı məsələsini gündəmə gətirib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Şücaət Əhmədzadə bildirib ki, üçüncü aktorların Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə təsir mexanizmi yoxdur:

 

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində əsas aktorlar ABŞ, Rusiya və Avropa İttifaqıdır. Bununla yanaşı Misir, Səudiyyə Ərəbistanı, Macarıstan kimi ölkələr vasitəçilik etməyə çalışıblar. Lakin sözügedən üçüncü aktorların Azərbaycan və Ermənistan arasında gedən sülh proseslərində iştirak etmək üçün ciddi təsir mexanizmləri yoxdur. Azərbaycan və Ermənistanı ABŞ-a, Rusiyaya və Avropa İttifaqına bağlayan bir çox geosiyasi səbəblər mövcuddur".

 

 

Onun sözlərinə görə, üçüncü dünya ölkələrinin vasitəçiliyi yalnız şərti xarakter daşıya bilər:

 

"Məsələn, humanitar problemlərin aradan qaldırılması üçün vasitəçilik edə bilərlər. Bu vasitəçilik geniş sülh proseslərini əhatə edə bilməz. Çünki Çin kimi üçüncü aktorların təsirləri məhduddur. Səudiyyə Ərəbistanı ilə İran arasında olan məsələyə gəldikdə, demək lazımdır ki, bu, Çinin beynəlxalq münasibətlər sistemindəki rolundan daha çox Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı münasibətlərlə bağlı olub. Çin vasitəsilə əldə olunan razılıq daha çox deklarativ xarakter daşıyır, ciddi siyasi proseduru özündə ehtiva etmir. Yalnız diplomatik münasibətlərin bərpasını özündə ehtiva edir. Yəni, məsələnin kökünə gedib çıxa bilmir".  

 

Siyasi şərhçi bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində ancaq Rusiya və Qərb vasitəçilik edə bilər:

 

"Azərbaycan və Ermənistan arasındakı proseslərdə belə bir hadisənin olmasına az ehtimal var. Bu proseslərin həllində Rusiya və Qərb həlledici rol oynaya bilər. Mina xəritələrinin paylaşılması məsələsində Macarıstanın ayrıca vasitəçiliyi olmuşdu. Mina xəritələri qaytarılmışdı. Ancaq Macarıstanın vasitəçiliyi ilə sülh prosesi getməz. İki ölkə arasındakı sülh prosesində yalnız iki əsas qüvvənin - Rusiya və Qərbin rolu ola bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı