Modern.az

Vəkillərimiz nə qədər QAZANIR: “3-5 varlı adamdan biri mən olmalı idim”

Vəkillərimiz nə qədər QAZANIR: “3-5 varlı adamdan biri mən olmalı idim”

Aktual

24 May 2016, 14:03

Dünya təcrübəsinə əsaslanaraq demək olar ki, ən prestijli peşələr içərisində vəkillik, həkimlik ön cərgədə dayanır. Bu səbəbdən də valideynlər övladlarını məhz həkim, vəkil kimi görmək istəyir.

Bir sözlə, ağ və qara xalatın sahibisənsə deməli, həm də “qaz vurub qazan doldurursan”.   Azərbaycanda vəkillərin maddi durumuna glincə... Daha yaxşı maddi imkan əldə etmək üçün gərəkdir ki, müəyyən sövdələşmələrdə aktiv iştirak edəsən. O zaman bir vəkil kimi, bağ evin də olacaq, villan da, çoxlu pulun da.

Bəs vəkillər bu barədə nə düşünür?!   

Azərbaycanda vəkillərin maddi durumu hansı səviyyədədir?!

Bugünkü reallıqda Azərbaycan vəkilləri normal qazanc əldə edə bilirmi?!  

Modern.az saytı bir neçə vəkillə məsələyə münasibət öyrənməyə çalışıb.  

Tanınmış hüquqşünas Aslan İsmayılov dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəkillərin səfalət içində yaşadıqlarını deyir.

“Bütün inkişaf etmiş cəmiyyətlərdə həqiqətən ən yüksək səviyyədə yaşayan bir vəkildir, bir də həkim. Amerikada hansısa restoranın, ya da ticarət mərkəzinin qarşısında ya “Ferrari”, ya “Buqatti”, ya da “Lombargini” maşını dayananda heç kimin ağlına gəlmir ki, bu hansısa konqresmenin, qubernatorun, yaxud da prezidentin ola bilər. Dərhal fikirləşirlər ki, bu məşhur vəkilin maşınıdır.

Məsələn, Amerikada on illərlə gedib prokurorluqda, hüquq-mühafizə orqanlarında işləyirlər ki, sonra vəkil olmaq üçün imkanları olsun. Azərbaycanda isə tam əksinədir. İmkanı olan şəxslər hüquq-mühafizə orqanında çalışanlar, hakimlər, prokurorlar, xüsusi xidmət orqanlarıdır. Vəkillər onlarla müqayisədə səfalət içində yaşayır. Azərbaycanda vəkillərin 3-5-i normal həyat tərzi sürür.

Vəkillərin içində elələrini tanıyıram ki, həqiqətən savadlı, zəhmətkeş dürüstdürlər. O vəkillər ki, çox yaxşı yaşıyır, onlar da hüquq-mühafizə orqanları ilə müştəri arasında dəllalıq edə bilirlər. Pul alıb pul verirlər.

Azərbaycanda bir şapalaq vuran polis işçisi (hansı ki heç bir savadı, təhsili yoxdur) 1000 manat əmək haqqı alır. 7 il Tibb Universitetində, yaxud, hüquq fakültəsində oxumuş birisi ali təhsilli ola-ola 1000 manat ala bilmir. Sizi əmin edirəm ki, heç vəkillər 1000 manat qazana bilmirlər. Bu anormallıqdır”.  

Tanınmış hüquqşünas həmçinin, real mənzərəyə baxmayaraq özünü heç də kasıb vəkil hesab etmədiyini düşünür.

“Özümü kasıb vəkillərdən saymıram. Amma normal cəmiyyət olsa idi Azərbaycanda 3-5 varlı adamdan biri mən olmalı idim. Ona görə ki, uzun müddətdir vəkil kimi fəaliyyət göstərirəm. Vəkillikdən öncə kifayət qədər hakim, məhkəmə sədri, prokuror kimi təcrübəm var. Mənim səviyyəmdə olan amerikalı vəkilin bir saatı 1000 dollardır. Əhali o vaxt varlı yaşayacaq ki, onların həkimləri, vəkilləri varlı olacaq”.  

Vəkil Müzəffər Baxış özünə hörmət edən vəkilin Azərbaycanda yaşamasını qeyri-mümkün sayır.

“Dünyanın bütün hüquqa söykənən demokratik ölkələrində vəkillər çox normal yaşayır. Statistik məlumatlara görə, daha çox gəlir əldə edən birinci növbədə biznesmenlərdir. İkinci yerdə  vəkillər gəlir. Üçüncü yerdə isə həkimlər qərar tutur. Dünyanın bütün ölkələrində bu belədir.

Əminliklə söyləyirəm ki, özünə hörmət edən, şərəfini, ləyaqətini, qanunlara hörmət etməsini qoruyan vəkilin Azərbaycanda yaşaması qeyri-mümkündür. Eyni zamanda, Azərbaycanda maddi cəhətdən yaxşı qazana bilən vəkillər var.

Onlar ancaq “maklerliklə” məşğul olan vəkillərdir. Bunların funksiyası odur ki, konkret bir işin həll edilməsi üçün hakimlə sövdələşməyə gəlir və hakim işin müqabilində 5 min manata işi həll edəcəyini deyir. Vəkil də öz müştərisinə deyir ki, “hakim 15 min manat istəyir”. 15 min manatı müştəridən alaraq 10 min manatı cibinə qoyur, 5 min manatı da hakimə verir. Çoxlu sayda vəkillər var ki, bu yolla yaşayırlar. Bu tip vəkillər var ki, onların “Leksus”u, normal bağı, evi, mülki var.  

Qanuna söykənən, müştərini qanunlar çərçivəsində müdafiə etməyə cəhd göstərən və müdafiə edəcəyini söyləyən vəkillər isə normal yaşaya bilmirlər. Çünki o tip vəkillər hakimlə sövdələşməyə girmir, hakimə pul  daşımır. Normal fəaliyyət göstərən vəkillərin qazanc əldə etməsi qeyri-mümkündür”.  

Digər  vəkil Adəm Məmmədov isə Azərbaycanda vəkillərin heç də pis yaşamadığı qənaətindədir.  

“Azərbaycanda digər peşə sahiblərinə baxanda vəkillərin maddi durumu o qədər də pis deyil. Vəkillik fəaliyyəti bir növ xidmətdir.

Biznesdə, ticarətdə olduğu kimi bu sahədə də çalışan insanlar öz üzərində nə qədər çox çalışsa, nə qədər keyfiyyətli xidmət göstərsə, öz işinə məsuliyyətlə yanaşsa onun funksiyası bir o qədər çox olar. Vəkillik dünyada 5 peşə var ki, onlardan biridir. Dünya təcrübəsində Avropa ölkələrində, Rusiya və MDB ölkələrində  ən gəlirli sahə hesab olunur”.  

Adəm Məmmədov vəkilliklə bağlı danışarkən məsələyə fərdi yanaşmağa çalışdığını deyir.  

“Bu məsələyə fərdi yanaşmaq lazımdır. Elə vəkil var ki, onun qazancı normaldır. Elə vəkil də var ki, onun nə qazancı var, nə də fəaliyyəti. O da insanın özündən asılıdır. 4 ildir ki, vəkil kimi fəaliyyət göstərirəm. Sual oluna bilər ki, “bu 4 il ərzində necə oldu ki, bu qədər işlərlə məşğul oldunuz? Nailiyyətlər əldə etdiniz?”.

15-ə yaxın bəraətlə nəticələnən işlərim də var. Azərbaycanda dövlət tərəfindən  insan hüquqlarının müdafiəsi  ilə bağlı vəkilin  saatı 2 manatdır. Hansısa vətəndaşın özünə vəkil tutmağa imkanı yoxdursa,  təyinatla təqdim olunan vəkilə müraciət edə bilər. Təyinatla təqdim olunan vəkil üçün  dövlət tərəfindən saatına 2 manat pul verilir.  

Mənə gəlincə, deyə bilərəm ki, təyinatla yanaşdığım işlərdən müqavilə ilə çıxmışam.

Müdafiə etdiyim şəxsin mənə pul ödəyib-ödəməməsindən asılı olmayaraq  işimi vəzifə borcu bilərək, ona çox keyfiyyətli hüquqi yardım göstərmişəm.

Bəzi yoldaşlara bunun sirrini açaraq deyirəm ki, təyinatla təqdim olunsanız belə, insan taleyinə çox məsuliyyətlə yanaşmalısınız. Fikirləşmək lazım deyil ki, burda nə olacaq. Düzü, heç kəs istəməz ki kiməsə saatı  2 manata hüquqi yardım göstərsin.

Amma bu işə qol qoymusansa, bunu yüksək səviyyədə həyata keçirməlisən. Amerikada belə bir təcrübə mövcuddur ki, vəkil olana kimi insanlara 3 ilə yaxın təmənnasız hüquqi yardım göstərməlisən və nüfuz qazanmalısan”.  

A.Məmmədovun sözlərinə görə hər hansı işi üzərinə götürən vəkilin iddialı danışmağa haqqı yoxdur.

“Müqavilə bağlayan zaman əminliklə  “bu işi udacağam” deyilmir. Sadəcə ehtimalla danışmaq olar. “Mən sizə keyfiyyətli hüquqi yardım göstərəcəm. Siz də mənə əmək haqqı verirsiniz”. Məsələ budur. Həmçinin müqavilə bağlamaqda tərəflər sərbəstdir. Hər zaman belə bir fikir səsləndirirəm. “İşində vicdanlı ol. Udanda da kişi kimi ud, uduzanda da”.

Adəm Məmmədovun sözlərinə görə  maddi durumun yaxşı olması vəkilin özündən asılı olan məsələdir.  

“Azərbaycanda bütün sahələrdə problem olduğu kimi, vəkillik sahəsində də var. İnsanlarda hüquq səviyyəsi çox aşağıdır. Vəkil kimi çalışan insanlar var ki, normal səviyyədə yaşaya bilir.

Düşünürəm ki, vəkillik Azərbaycan üçün o qədər də kasıb sahə deyil. Bu sahədə çalışan insanın ruzisi, qazancı  hər zaman var. Hər halda, jurnalistikadan, yaxud da başqa sahələrdən pis deyil.  

Vəkilin maddi vəziyyətinin yaxşı olması özündən asılı olan məsələdir. Uğurun sirri ondan ibarətdir ki, bu peşəyə yiyələndinsə, işinə ürəklə yanaşmalısan. Təyinatla təyin olunmusansa heç kimin olmasa belə, bu işi etməlisən. Mənim məhkəmədə udduğum insanların əksəriyyəti kasıb insanlardır. Hətta, hansısa vəkilin yanına getsə idilər, o işi üzərlərinə götürməzdi. 

“Maddi imkanınız yoxdur” deyərdilər. Düşünürəm ki, vəkil qarşılaşacağı  bütün hallara hazır olmalıdır”  

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı