Mayın 23-ü ekoloqlar günüdür.
Bu ərəfədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ekoloji məsələlərlə bağlı fikir və təkliflərini Modern.az-la bölüşüb, həmdə ekoloqları təbrik edib:
"Düşünürəm ki, bu ərəfədə bizi əhatə edən təbii mühitlə bağlı məsələləri gündəmə gətirib, bir daha vətəndaşlarımızı ekoloji məsələlələrin mahiyyəti barədə məlumatlandırmaq yerinə düşür. Fikrimcə, ən əvvəl hər birimiz təbiətin evimiz olduğunu dərk etməyi bacarmalıyıq və təbiətimizi hər zaman qorumalıyıq. Dərk etməliyik ki, bizim sağlamlığımız birbaşa təbiətdən asılıdır”.
Komitə sədri qeyd edib ki, ölkədə aparılan quruculuq işlərinin, islahatların əsas tərkib hissəsindən biri də ekoloji sağlamlıq, ətraf mühitin mühafizəsidir:
“İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi üçün ekoloqların, təbiət mühafizəçilərinin üzərinə böyük iş düşür. Deməliyik ki, ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin sağlamlaşdırılması istiqamətində bu illərdə ETSN tərəfindən bir sıra layihələr həyata keçirilib. O cümlədən ölkədə və Abşeron yarımadasında meşə-parkların salınması, yaşıllıq zonalarının genişləndirilməsi, Xəzər dənizinin çirklənmədən qorunması və tullantı sularının dənizə axıdılmasının dayandırılmasına yönələn davamlı çağırışlar, təbii sərvətlərin hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından qənaətcil və səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, havaya atılan istilik effekti yaradan qaz tullantılarının azaldılması kimi ekoloji məsələlər gündəmə gətirilib, onların həllinə istiqamətlənən tədbirlər görülüb. Təkcə 2019-cu il ərzində xeyli iş görülüb ki, bunlar Nazirlər Kabinetinin illik hesabatında da sadalanır. Məsələn, hesabatda deyilir ki, meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə dövlət meşə fondu ərazilərində meşəbərpa tədbirləri həyata keçirilib. Yeni meşə sahələri salınıb, təbii bərpa işləri aparılıb, su bioresurslarının artırılması, balıq körpələrinin yetişdirilərək təbii su hövzələrinə buraxılması kimi əhalinin ekoloji maariflənməsinə xidmət edən kütləvi tədbirlər keçirilib. Bunlar çox yaxşı göstəricilərdir”.
Lakin Sadiq Qurbanovun sözlərinə görə, görülməli işlər də var ki, onların üzərindən səthi olaraq keçilməməlidir:
“Maarifləndirmə işləri ilə əlaqədar deyə bilərəm ki, ekoloji şüurun formalaşmasına xüsusi önəm vermək lazımdır. Prezidentimiz cənab İlham Əliyevin və onun ailəsinin ətraf mühitin yaşıllaşdırılması ilə bağlı müxtəlif aksiyaların keçirilməsində fəal iştirak etməsi ekoloji maarifləndirməyə böyük bir nümunədir. Bu cür aksiyaların keçirilməsi insanlarda ekoloji şüurun formalaşmasına müsbət təsir edir”.
Millət vəkili dünyanın qlobal ekoloji problemlərinin, görülən irimiqyaslı tədbirlərə baxmayaraq, ölkəmizdə də fəsadlar törətdiyini və bu vəziyyətin tənzimlənməsində vətəndaşlarımızın, ümumilikdə hər kəsin üzərinə düşən məsuliyyəti də xatırladıb:
“Müasir şəraitdə insan fəaliyyətinin nəticəsi olaraq ətraf mühitin korlanması, yəni təbiətlə cəmiyyət arasındakı ekoloji-iqtisadi tarazlığın pozulması insanın özü üçün təhlükə yaradır. Hazırda xalqın rifahı üçün yaradılmış sənaye müəssisələri ətraf mühiti çirkləndirən mənbələrə çevrilərək insan və bütün canlılar üçün ekoloji-iqtisadi problemləri daha da mürəkkəbləşdirir. Ona görə də ekologiya nazirliyinin günümüz və dövrümüz üçün çox aktual olan devizini bir daha hər kəsə xatırlatmaq istəyirəm: "Təbiəti dəyişmə, özünü dəyiş". Bu, hamımıza gələcəyimiz üçün verilən siqnaldır, həyəcan təbilidir."