Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq. Belə ki, qanunvericiliyə əsasən yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir.
Belə olan halda, seçki qanunvericiliyi dəyişə bilərmi? Eyni zamanda, MSK-da kadr dəyişikliklərinin olması mümkündürmü?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Modern.az-a açıqlamasında Seçki Məcəlləsinin dəyişilməsinin istənilən zaman mümkün ola biləcəyini də qeyd edib:
“Seçki Məcəlləsinin dəyişilməsi istənilən zaman mümkün ola bilən prosesdir. O ki qaldı seçki komissiyalarının, yəni MSK, DSK-nın tərkibinin müəyyən olunmasına, komissiyanın tərkibi seçki qaydasında müəyyən olunur”.
Tahir Kərimli MSK-nın tərkibinin dəyişdirilməsi ilə bağlı hər hansı təklif olunmadığını da bildirib. Komitənin sədr müavini kadr dəyişikliyinin aparılmasını da istisna etməyib:
“MSK-da da kadr dəyişikliyi ola bilər. İstənilən şəxsi dəyişmək olar. MSK sədrinin müavini keçən il başqa vəzifəyə getdiyindən dəyişiklik oldu. Kadr dəyişikliyinin aparılması normaldır. Kadr dəyişikliyinə müvafiq orqanlar qərar verir”.
Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.