Mayın 23-ü ekoloqlar günüdür.
Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında ölkə ekoloqlarının son illər ərzindəki fəaliyyətini qiymətləndirib:
"Fikrimcə, təbiətimizin qorunması, ekoloji vəziyyətimizin yaxşılaşdırılması üçün ciddi iradə ortaya qoyulub. Xüsusi olaraq Bakıda, eləcə də, digər iri şəhərlərdə şadlıq evlərinin, restoranların tüstü bacalarına təmizləyici filtrlərin yerləşdirilməsi atmosfer havasının təmizliyinə, insanlara diskomfort yaradan qoxuların qarşısının alınmasına səbəb olub. Deyərdim ki, hətta bəzi sahibkarların müqavimətlərinə, dedi-qodularına baxmayaraq bu proses tezliklə və uğurla başa çatdırıldı".
Parlamentari zaman-zaman hər kəsdə narahatllıq yaradan ağac kəsintisinə də münasibət bildirib:
“Ekologiya nazirliyimdə Ekoloji Təhlükəsizlik Xidmətinin yaradılması meşələrin qorunması üçün vacib olan bir işdir. İnanıram ki, belə fəaliyyət ağac kəsib odun adı altında meşələri məhv edənlərə mane olmaq, bu məsələlərə birdəfəlik son qoymaq imkanı verəcək".
Deputatın sözlərinə görə, son illər respublikada ağac əkilməsi də kütləviləşib:
"Yol kənarlarında, boş sahələrdə hər il, deyərdim ki, milyonlarla ağac əkilir, meşə-parklar, yaşıl zolaqlar salınır. Bunlar onu deməyə əsas verir ki, ekoloqlar ölkə prezidentinin onların qarşısında qoymuş olduğu vəzifələri uğurla həyata keçirərək ölkənin ekoloji vəziyyətinin sağlam qalması üçün təbiətimizin keşiyində şərəflə durmaqdadırlar”.
Fəzail Ağamalı hər bir ekoloqa uğurlar arzulayıb:
“Təbiətimizin qorunması, ekoloji vəziyyətimizin yaxşılaşdırılması uğrunda fədakar mübarizə aparan bütün ekoloqları səmimi qəlbdən təbrik edirəm. Onların son dərəcə əhəmiyyətli və vacib olan missiyalarında uğurlar arzulayıram”.