ABŞ-ın hazırkı Prezidenti Donald Tramp son bir neçə həftə ərzində köməkçiləri ilə özünü əfv etmək imkanını müzakirə edib.
Modern.az-ın məlumatına görə, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən xəbər verir.
Mənbələrin sözlərinə görə, D.Tramp köməkçilərinə prezidentlik müddətinin son günlərində özünü əfv etmək istədiyini bildirib. ABŞ lideri noyabrın 3-ü keçirilən seçkilərdən sonra bir neçə dəfə bu məsələ haqqından müzakirələr aparıb.
Bir neçə mənbə hesab edir ki, D.Tramp artıq özünü əfv etməyə hazırdır. ABŞ liderinin hansı ittihamlardan qorxduğu barədə məlumat verilmir.
Qeyd edilir ki, daha əvvəl heç bir ABŞ prezidenti özünü əfv etməyib. Bu təhlükəli presedent yarada bilər.
Bu arada Kolumbiya dairəsinin baş prokuroru vəzifəsini icra edən Maykl Şervin ABŞ Konqresində baş verən iğtişaşlarla əlaqədar hazırkı Prezident Donald Trampa qarşı ittiham irəli sürülə biləcəyini istisna etməyib.
Bu barədə “CNBC” xəbər yayıb.
“Prezidentin zorakılığa təhrik etdiyi üçün məsuliyyətə cəlb olunma ehtimalı nəzərdən keçirilirmi” sualına cavabında Şervin deyib:
“Bəli, bütün iştirakçılar barədə - təkcə binaya daxil olanlar deyil, buna təhrik edənlər və ya bir növ müşayiətçi rol oynayan digərləri barədə araşdırma aparırıq. Dəlillər cinayət tərkibinin olmasını göstərirsə, mütləq ittiham irəli sürüləcək”.