Ağ Ev rəhbərliyi hakimiyyətin demokrat Cozef Baydenə ötürülməsinə zəmanət verilməsi üzərində çalışır.
Modern.az-ın məlumatına görə, bunu hazırkı dövlət başçısının mətbuat katibi Keyli Makineni bildirib.
“Administrasiyamızın dəstəklədiyi əsas dəyər bütün vətəndaşların təhlükəsizlik, sülh və azad şəraitdə yaşamaq hüququna sahib olmasıdır. Bu binada işləyənlər (Ağ Ev – Red.) hakimiyyətin qanuni şəkildə ötürülməsini təmin etmək üçün çalışır. İndi Amerikanı birləşdirmək vaxtıdır, gördüyümüz zorakılığı birgə rədd etməliyik. Biz vahid xalqıq”, - Makineni deyib.
O, Ağ Evin çərşənbə günü baş verən iğtişaşları və Konqresə hücumu qəti şəkildə qınadığını, həmçinin bunda günahı olanların məsuliyyətə cəlb olunmasına çağırdığını deyib.
“Biz – prezident və onun administrasiyası baş verənləri qəti şəkildə qınayırıq. Bu qəbuledilməzdir və qanunu pozanlar qanun qarşısında ən yüksək səviyyədə cavab verməlidirlər”, - deyə Makineni əlavə edib.