"Dəfələrlə ölümün pəncəsinə atılıb, ən ağır döyüş tapşırıqlarını yerinə yetirdim, heç zaman qorxmadım, həyacan keçirmədim. Amma etiraf edim ki, dünən çox həyacanlı idim. Bu həyacanı son dəfə illər öncə, toyum günü ulu öndərin mənə şəxsən zəng edib, təbrik etdiyi gün, həmin unudulmaz saniyələr ərzində keçirmişdim".
Bu sözləri Hadrutda prezidentlə görüşündən sonra Modern.az-ın əməkdaşı ilə təəssüratlarını bölüşən Milli Qəhrəman İbad Hüseynov söyləyib. İbad Hüseynov oktyabr ayının onun həyatında həmişə ən əlamətdar aylardan biri kimi yadda qaldığını deyib:
"Oktyabrın 3-də Ulu Öndərin Prezident səlahiyyətlərinə başladığı ilk gündür, Xocavənd bu ayda işğal olunub və elə bu ayda da azad edilib. Həmin gün Ulu Öndərin məni Azərbaycan Bayrağı ordeni ilə təltif etdiyi gündür, Azərbaycanın Dövlət müstəqilliyini bərpa etdiyi gün - 18 oktyabr tarixi və yenə də mənim doğum günümə təsadüf edir. Və ən nəhayət dünən - 9 oktyabr tarixində, Hadrut qəsəbəsinin işğaldan azad edilməsilə bağlı təşkil edilən dövlət tədbirində ilk dəfə müzəffər Ali Baş Komandanla canlı təmasda oldum. Onu da etiraf edim ki, elə ilk saniyələrdə həyacan dərhal yox oldu. Cənab prezident sadəliyi, səmimiyyəti və xoş rəftarı ilə sözün əsl mənasında məni məftun etdi. Prezident o qədər sadə həmsöhbətdir ki, sanki XXI əsr yeni dövr müharibə elminə imza atmış, ən mükəmməl ordunun, silahlı qüvvələrin 44 gün ərzində heç kimin inana bilmədiyi, mümkün olmayanı reallığa çevirməyi bacaran, bununla regionda, bəlkə də dünyada yeni geosiyasi düzənə birbaşa təsir göstərən qalib ordunun Ali Baş Komandanı, bütün dünyanı özü ilə hesablaşmağa məcbur edən yenilməz siyasətçi yox, sadə bir insan idi. Bu şəxsiyyətlə təmas qurmaq açığı, böyük məsuliyyət tələb edir. Məni ən çox təəccübləndirən prezidentin həddən artıq sadə, duyğusal olmasıdır. Vaxtının çoxunu işğaldan azad edilmiş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir".
Milli Qəhrəman deyib ki, Hadrut qəsəbəsindən 12 kilometr aralıda yerləşən qədim Tuğ kəndinə səfər zamanı bu kəndi hamıdan yaxşı tanıması ilə prezident yenə də hamını təəccübləndirib:
"Son dərəcə böyük hərbi - strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinin geri alınması Qarabağın dağlıq ərazisinə və finalda Şuşamızın azad olunmasına gətirib çıxardı. Bu elə bir fantastik qələbə oldu ki, dünyanın ən aparıcı dövlətlərinin ordu qərargahları hələ uzun illər Azərbaycan təcrübəsinə istinad edəcək və bu müharibə tədqiqat obyektinə çevriləcək. Burada indiyədək mövcud olan elmi - hərbi nəzəriyyələr və təsəvvürlər tamamilə alt-üst oldu. Ermənilər də tədricən etiraf edirlər ki, Qarabağın azad olunması Azərbaycanın haqqı idi: çünki Azərbaycanın prezidenti bu yolda mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri “dəmir yumruğa” malik olmaqla yanaşı, həm də qurub - yaradan kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət, xariqələr yaratmağa qadirdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytarmış və onu laləzara döndərəcək Lider kimi tarixdə əbədi qalacaq. Bütün fantastik hərbi, elmi, iqtisadi nailiyyətləri bizlərə bəxş edən Odur - Müzəffər Ali Baş Komandan, əvəzedilməz lider və dahi siyasətçi İlham Əliyev cənabları!"