Azərbaycan-İtaliya münasibətləri tarixi köklərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir və iki ölkə arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Bu sözləri Modern.az-a deputat Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.
Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsini şərh edən millət vəkili İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutduğunu bildirib: “2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb. Bu müddət ərzində ixracın 38,2 faizi İtaliyaya reallaşdırılıb. Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.”
Azər Kərimli İtaliyanın Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədyini, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin haqq işinə dəstək verdiyini xatırladıb: “Təsadüfi deyil ki, postmüharibə dövründə ölkəmizə yüksək səviyyəli nümayəndə heyəti ilə səfər edən dost, qardaş ölkələrin ön sıralarında İtaliya da yer alır. Müharibə başa çatdıqdan qısa bir müddət sonra İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə və Ermənistanın raket atəşinə tutduğu Gəncə şəhərinə gedərək, gördükləri dəhşətli mənzərə ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər.
Bu səfərdən bir neçə gün sonra İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun ölkəmizə səfər edərək İtaliyanın mövqeyinin Azərbaycan torpaqlıarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinə söykəndiyini bir daha dilə gətirdilər.
Daha sonra İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə və Ağdama səfər etmiş və Azərbaycanın haqq işini dəstəkləyən bəyanatlar vermişlər."
Azər Kərimli qeyd edib ki, İtaliya işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir: “Cənab Prezident öz müsahibəsində bunun təsadüfi olmadığını bildirdi və qeyd etdi ki, Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Dövlətimizin başçısının vurğuladığı kimi artıq bir neçə italyan şirkəti müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
Deputatın sözlərinə görə, Azərbaycan-İtaliya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək: “Qarabağda həyata keçirilən quruculuq-abadlıq işləri, gerçəkləşdirilən və reallaşması nəzərdə tutulan çoxsaylı layihələr Azərbaycan-İtaliya münasibətlərində yeni və əlaqələri daha dinamik şəkildə inkişaf etdirəcək mərhələnin başlanması deməkdir”.