Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Türkiyəyə işgüzar səfər edib.
Modern.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti Kərəm Kınık ilə görüş keçirilib.
Görüş zamanı hər iki Milli Cəmiyyətin əməkdaşlığının yüksək səviyyədə təşkil edilməsindən bəhs edən Novruz Aslanov, bu qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona öz təşəkkürünü bildirib. Görüşdə Birinci Qarabağ müharibəsindən bu günə kimi humanitar sahədə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanıb. İstər pandemiya dövründə COVİD-19 virusu ilə mübarizə çərçivəsində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı zərərçəkmiş mülki əhaliyə humanitar yardımların, sanitar-gigiyenik, mətbəx və yataq dəstlərinin, ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilməsindəki dəstəyə görə Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidentinə və əməkdaşlarına öz dərin təşəkkürünü bildirib.
Daha sonra Kerem Kınık Novruz Aslanovun Türkiyə respublikasına səfər edərək Türkiyə Qızıl Aypara Cəmiyyətini ziyarət etdiyindən məmnun olduğunu bildirib. Humanitar sahədəki əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini önə çəkən Kərəm Kınık əməkdaşlığın gələcək perspektivlərindən söhbət açıb.
Sonda Türkiyə Qızıl Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə fəaliyyətlərin növbəti dövrü üçün yeni sənəd imzalanıb.