İcbari tibbi sığorta zərifinə daxil olmayan səhiyyə xidmətlərinin tarifləri müəyyənləşdirən zaman meyarların müəyyənləşdirilməməsi sui-istifadələrə yol aça bilər.
Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
V.Bayramov qeyd edib ki, layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi qeyd olunur:
“Burada isə qurumların sayı çoxdur. Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək. Bu da sui-istifadə hallarına gətirib çıxara bilər. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər”.
Deputat qeyd edib ki, zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir:
“Zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır. Bu vəsaitin səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər buna təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Ona görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır”.