Zəfər Günü yaxınlaşır, təbii olaraq hamı 1 il öncəki əhval-ruhiyyədədir. Səbirsizliklə cəbhədən qələbə xəbərləri gözləyirdik. Sağ olsun, Azərbaycan əsgəri – müharibənin ilk günündən sonuna kimi bizə bu sevinci yaşatdı.
Şuşanın azad olunması ilə mənzərə, ümumi nəticə aydınlaşsa da, 44 günə 10 noyabr - Üçtərəfli Bəyanat möhür vurdu. Diqqətinizi Bəyanatın 6-cı maddəsinə çəkmək istəyirəm:
Bu maddə ümumilikdə Laçın dəhlizi ilə əlaqədardır. Lakin maddənin sonuncu cümləsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, yəni Xankəndidə yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğu qəbul edilir. Rusiya prezidenti və Ermənistan baş naziri bunu öz imzaları ilə təsdiq edirlər.
Hesab edirəm ki, 2023-2025-ci ildə Azərbaycan xarici siyasət doktrinasında Xankəndi məsələsi qabardılacaq və böyük ehtimalla orada yaşayan erməni əsilli əhalinin SSRİ dövründə olduğu kimi, Ermənistanla sıx inteqrasiyalı, lakin idarəetmə və iqtisadi cəhətdən Azərbaycandan asılılığı təmin olunacaq.
Daha bir məsələ isə bölgədə yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlıdır. Bəyanata görə Rusiya sülhməramlılarının bögədəki fəaliyyət müddəti 10 noyabr 2025-ci ildə bitir. Bəyanatda müddətin uzadılması və ya sülhməramlıların fəaliyyətinə xitam verilməsi ilə bağlı mexanizm göstərilir. Bununla belə, mövcud təcrübələri, eləcə də Rusiyanın bölgədəki maraqlarını nəzərə alaraq deyə bilərəm ki, rəsmi Moskva 2023-2025-ci illər üçün Azərbaycana qarşı təsir mexanizmləri axtaracaq və müddətin uzadılmasına çalışacaq.
Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyevin Rusiya sülhməramlıları ilə bağlı narahatlığı 10 noyabr Üçtərəfli Bəyanatın ilk şərhində aydın şəkildə hiss olunur. Maraqlı olanlar üçün prezident İlham Əliyevin həmin videoşərhini aşağıda əlavə edirəm. 3:15-3-21-ci zaman aralığında qeyd etdiyim nüansı sezə bilərsiniz.
Nicat Abdullayev