Modern.az

Elmlər Akademiyasında baş direktorlar TƏSDİQLƏNDİ

Elmlər Akademiyasında baş direktorlar TƏSDİQLƏNDİ

Aktual

4 Noyabr 2021, 16:11

Noyabrın 3-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Modern.az
xəbər verir ki, iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.


Əvvəlcə AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin əsasnamələri təsdiqlənib. Həmçinin AMEA-da yaradılmış Elm, təhsil və texnologiya problemləri üzrə Elmi Şura ilə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın tərkibi və istiqamətləri bənzərlik təşkil etdiyindən şuraların birləşdirilməsi barədə qərar verilib.


AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Ələddin Məlikov isə Akademiyanın doktorantura və dissertanturasına qəbulun nəticələri haqqında məlumat verib.

İclasda növbəti müzakirə olunan məsələ Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bu gün Alban abidələrinin Azərbaycançılıq müstəvisində, dövlətimizin mənafelərinə uyğun tədqiq olunmasına ehtiyac yarandığını söyləyib. Qeyd edib ki, Albanşünaslıq Elmi Mərkəzi sözügedən istiqamətdə tədqiqatların genişləndirilməsinə və sistemləşdirilməsinə, o cümlədən ölkə başçısının bu mövzuda alimlərimiz qarşısında qoyduğu vəzifələri yerinə yetirməsinə geniş imkan verəcək.

Müzakirələrdən sonra Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar verilib, tarix elmləri doktoru Qafar Cəbiyev Mərkəzin rəhbəri təyin olunub.

Akademik Rasim Əliquliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin tapşırığına əsasən aparılmış Azərbaycan alimləri diasporunun cari vəziyyəti haqqında məlumat verib. Natiq araşdırmalar nəticəsində akademik Ramiz Mehdiyevin elmi məsləhətçiliyi ilə ikicildlik “Azərbaycan alimləri diasporu” kitabının çap olunduğunu, ensiklopedik nəşrdə xaricdə fəaliyyət göstərən 530 alimimizin adının yer aldığını diqqətə çatdırıb. Eyni zamanda gələcəkdə Azərbaycan alimləri diasporunun veb-saytının yaradılmasının nəzərdə tutulduğunu və onlarla bağlı məlumatların burada yerləşdirilməsinin planlaşdırıldığını söyləyib.

Akademik Ramiz Mehdiyev 2022-ci ilin may-iyun aylarında xaricdə fəaliyyət göstərən alimlərimizin iştirakı ilə konfransın keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verib.

Tədbirdə, o cümlədən akademik Fikrət Əliyev “AMEA-nın Məruzələri” jurnalının yeni yaradılmış veb-saytını təqdim edib. Qeyd edib ki, 2014-2020-ci illərdə jurnalda dərc olunmuş məqalələrin elektron variantları saytda yerləşdirilib və nəşrin əvvəlki nüfuzunun bərpa edilməsi üçün məqsədyönlü işlər görülür.

İclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin strukturunda Mülki müdafiə şöbəsinin yaradılması barədə qərar verilib.


O cümlədən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Gülüş Nabadova qiyabi doktoranturaya keçirilib, Fizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Könül Abbasova qiyabi doktoranturadan xaric edilib.


Eyni zamanda iclasda bir sıra kadr məsələlərinə də baxılıb. Akademik Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun, AMEA-nın müxbir üzvü Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin Ev Muzeyinin, filologiya elmləri doktoru Nadir Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, tarix elmləri doktoru Abbas Seyidov isə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər. Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun Zoologiya İnstitutunun direktoru vəzifəsini icra etmə müddətinin isə uzadılması qərara alınıb.


Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təsdiq olunublar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?