Azərbaycan Kooperasiya Universitetində 8 Noyabr Zəfər Günü qeyd olunub.
Modern.az xəbər verir ki, universitet rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, Vətən Müharibəsi iştirakçılarının, eləcə də tələbələrin iştirak etdiyi mərasimi Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru professor Aygün Quliyeva açıq elan edib.
Giriş nitqi ilə çıxış edən A.Quliyeva bildirdi ki, “8 Noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.
44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək”.
Sonra Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Azərbaycan Kooperasiya Universiteti Maliyyə fakültəsinin məzunu İsmayılov Rövşən Məmmədağa oğlunun anası Təranə İsmayılova çıxış etdi. Çıxışlardan sonra tədbir bədii hissəyə keçid aldı. Belə ki, universitet tələbələrinin ifalarında müxtəlif vətənpərvər mahnılar nümayiş olundu.
Sonda Azərbaycan Kooperasiya Universitetində təhsil alan və könüllü şəkildə Vətən Müharibəsində iştirak edən tələbə və məzunlarına fəxri fərmanlar təqdim olunub.