Noyabrın 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsində qazandığımız Böyük Qələbənin ildönümü münasibətilə konsert proqramı təşkil olunub.
Modern.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.
Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən polkovnik Abdulla Qurbani 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb.
Həmçinin tədbirdə çıxış edən Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan haqq savaşında qazandığımız qələbədə göstərilən qəhrəmanlıqlardan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından, haqq-ədalətin bərpa edildiyindən bəhs edib.
Milli Məclisin deputatları Sevinc xanım Fətəliyevanın və Etibar Əliyevin çıxışı ilə davam edən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunan şəhid və qazilərin orden və medallarının təqdimetmə mərasimi də keçirilmişdir.
