Modern.az

Partiya sədri DTX-da bir cinayət işi üzrə dindirilib

Partiya sədri DTX-da bir cinayət işi üzrə dindirilib

Aktual

7 Noyabr 2021, 12:33

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və "Bumerang Media" kanalının rəhbəri Elçin Rəhimzadə Dövlət Təhlükəsizlik Xidmətində bir cinayət işi üzrə şahid qismində sorğu-sual edildiklərini deyiblər.


Modern.az xəbər verir ki, noyabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) aparılan Əli Əliyev və Elçin Rəhimzadə bir neçə saat sonra sərbəst buraxılıb.

Vətəndaş və İnkişaf Partiyasının hadisə ilə bağlı yaydığı bəyanatında deyilir:

“Bir neçə saat ərzində onların kimlər tərəfindən və hara aparıldıqlarını müəyyənləşdirmək mümkün olmadıqda, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə məlumat verilib. Daha sonra 27-ci Polis bölməsinin əməkdaşları VİP qərargahına gələrək, olayla maraqlanıblar və müvafiq qeydlər götürüblər. Lakin bu bəyanat yayıldıği vaxt, Bakı vaxtı ilə saat 21-də Əli Əliyev və Elçin Rəhimzadə barəsində hər hansı səhih məlumatın olmaması yaranmış narahatlığı daha da artırır”..

Saat 22:00 radələrində sərbəst buraxıldığını deyən partiya sədri Əli Əliyev DTX-ya aparıldığını və bir cinayət işi ilə bağlı şahid qismində 8-9 saat dindirildiyini deyib.

"Problem daha çox "Bumerang Media"da gedən bir məlumatla bağlıdır. Bunu istintaq dindirməsi kimi qiymətləndirirəm",- o qeyd edib.

Amma Əli Əliyev istintaq sirri olduğunu əsas gətirərək məsələnin təfərrüatlarını açıqlamaqdan imtina edib. O, sadəcə bu yaxınlarda hər şeyin məlum olacağını deyib.

Elçin Rəhimzadə və Əli Əliyev onlara heç bir təzyiqin olmadığını deyiblər.

Dövlət Təhlükəsizlik Xidməti məsələyə münasibət bildirməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi