Modern.az

Azərbaycançılığın təkamülündə İlham Əliyev mərhələsi - Zəfərə aparan ideologiya

Azərbaycançılığın təkamülündə İlham Əliyev mərhələsi - Zəfərə aparan ideologiya

Aktual

7 Noyabr 2021, 14:58

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirib. Ona görə, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir.

 

Müstəqilliyinin 30-cu ilini yaşayan Azərbaycan xalqını isə milli azadlıq hərəkatının davam etdiyi 1988-1991-ci illərdə də, geridə qoyduğumuz 30 ildə də birləşdirən ən güclü ideologiya məhz milli dövlət, müstəqillik tutqusu, azərbaycançılıq ideologiyası olub.
Azərbaycançılıq ideologiyası milli, dini mənsubiyyətindən asılı olmayaraq, ermənilərdən başqa ölkəmizdə yaşayan bütün millətləri bir araya gətirən ideologiyadır.

 

Təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq.

 

 

Azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrup və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası kimi Azərbaycanın müstəqilliyə qovuşmasında çox ciddi faktorlardan biri olub. Bu ideologiya 1990-cı illərin ilk illərində geniş yayılmağa başlamış şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizədə də öz sözünü dedi.
Azərbaycançılıq ideologiyası bugünkü qüdrətli Azərbaycanın təməli idi…
Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya və ideologiya kimi durur:

 

 

“1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparılmağa başlandı. Azərbaycançılıq dövlətimizin ideoloji xəttinə çevrildi. Bu xətt Azərbaycanın bugünkü uğurlarının, qələbələrinin əsasını qoydu. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı. Yalnız Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüldü. 30 il öncə bərpa edilən dövlət müstəqilliyimizin möhkəmlənməsində, bugünkü qüdrətli Azərbaycanın qurulmasında azərbaycançılıq ideologiyasının dövlət ideologiyasına çevrilməsinin vacib rolu var”.


İşğalçıya qarşı mübarizədə xalqı birləşdirən ideologiya…
Azərbaycanı istəməyən qüvvələrə, 20 faiz torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistana qarşı mübarizədə azərbaycançılıq ideologiyasının mühüm rol oynadığını düşünən deputat Səbinə Xasayeva isə 44 günlük Vətən Müharibəsi dövründə də xalqımızın məhz bu amal uğrunda birləşdiyini diqqətə çatdırıb:
“Ermənistan havadarlarının siyasi, maddi və hərbi köməyindən istifadə edərək Azərbaycanın ərazisinin 20 faizini işğal etdi.

 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmədi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev münaqişənin danışıqlar yolu ilə həll edilməsi istiqamətində cəhdlərinə qarşı Ermənistan yeni ərazilər zəbt etməyə cəhd göstərir, status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz.
Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm dövlət sərhədlərimizdən, həm də işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əməliyyatı başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünyanın diqqətini çəkən "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" kəlamları ilə ifadə etdi”.

 


Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi...

 


Parlament üzvü prezidentin xalqa bu sözlərlə müraciətinin Ordumuzu qələbəyə apardığını vurğulayıb və bildirib ki, ruh yüksəkliyi ilə irəliləyən Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmlətdiyi, yeniləşdirdiyi güclü müdafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi:
“Əsgərlərimiz mövqe qələbələri qazanır, Böyük Qələbəyə yaxınlaşırdı. Qazanılan ilkin qələbələr təsdiqləyirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çatdıracaq, torpaqlarımızı işğaldan azad edəcək.
Vətən müharibəsində xalq cənab Prezidentin ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi. Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi... Bu müharibədə Zəfər qazanıldı. Torpaqlarımız işğaldan azad edildi.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi:
"...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir..."

 


Nəhayət, bir məqamı vurğulamaq önəmlidir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.

 

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir.

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” mövzusunda dərc olunub.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi