İtaliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli, İtaliya Parlamentinin ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, İtaliya-Azərbaycan dostluq assosiasiyasının sədri Rossana Boldi, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Senator Stefano Luçidi, İtaliya Senatında “Beş ulduz” siyasi partiyalar bloku fraksiyasının vitse-prezidenti senator Canluka Ferraro, senatorlar Urania Culia Rozina və Canluka Kastaldi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndəriblər.
Modern.az xəbər verir ki, İtaliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli öz təbrik məktubunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının ildönümünü münasibətilə ən xoş arzularını çatdırıb. Komissiya sədri Ermənistan-Azərbaycan münaqişəsinin keçmişdə qaldığını qeyd edib və BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə uyğun olaraq ədalətli və davamlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
Məktubda Azərbaycan Respublikası hökumətinin və parlamentinin çoxtərəfli əməkdaşlıq üçün fövqəladə imkanlarından maksimum istifadə edərək, Mərkəzi Qafqazın və qonşu regionların sülh və sabitliyinin, firavanlığının və təhlükəsizliyinin təmin edilməsinə əminlik ifadə olunub, İtaliya-Azərbaycan parlament münasibətlərinin həmişə yüksək səviyyədə qalacağına inam bildirilib.
Zəfər günü ilə bağlı təbriklərini çatdıran İtaliya Parlamentinin ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi öz məktubunda müharibənin və münaqişənin geridə qaldığını, Azərbaycanın lider olduğu və əhəmiyyətli rol oynadığı bölgədə sabitlik, təhlükəsizlik, davamlı sülh şəraiti, əməkdaşlıq və rifahın bərqərar olacağına ümidvar olduğunu bildirib.
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Stefano Luçidi öz məktubunda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb və qeyd edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsi və üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycanın tarixində yeni bir mərhələ başlayıb.
“Beş ulduz” siyasi partiyalar bloku fraksiyasının vitse-prezidenti, senator Canluka Ferraro da məktubunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini qeyd edən Canluka Ferraro bu ərazilərin işladan azad edilməsi uğrunda və azadlıq naminə döyüşən insanlara dərin ehtiramını ifadə edib.
Qeyd edək ki, senatorlar Urania Culia Rozina və Canluka Kastaldi də öz məktublarında Zəfər günü ilə bağlı təbriklərini çatdırıb, xalqımıza sülh, əminamanlıq və rifah arzulayıblar.