Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam edib.
Modern.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, zərərçəkən Həsənov Cabir Heyqubad oğlu müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunun 2016-cı ilin avqustun 18-də Türkiyədə qətlə yetirilməsində iştirak etdiyini deyib.
“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedib və onu odlu silahdan istifadə edərək öldürüb. Ona cinayətin törədilməsində Nazim Nüsrətov köməklik göstərib.
Camal Həsənov qətli törədəndən sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Nazim Nüsrətov həbs olunandan sonra Camal Həsənovun cinayət əməli ortaya çıxıb.
İttihama münasibət bildirən Camal Həsənov özünü təqsirli bilməyib. O cinayət işinin uydurma olduğunu söyləyib.
Məhkəmədə məlum olub ki, Camal Həsənovun vəkili Nizami Canıyev Rövşən Canıyevin( Lənkəranski) yaxın qohumudur.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.
Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham verilib.