“Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bir çox vacib məqamları qeyd edib. Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının əsas məsələlərdən biri olduğunu vurğulayıb. Təbii ki, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur və burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.
Deputatın sözlərinə görə, Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilərlə bağlı dövlətimizin planlarını görə bilər:
“Sözsüz ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaq. Hətta Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Çünki dövlətimizin hədəfi bu işlərin paralel formada həyata keçirilməsini təmin etməkdir. Eyni zamanda, Zəngilan rayonunun aqrar potensialı zəngindir, bu, həm yerli əhalinin məşğulluğu, həm də ərzaq təhlükəsizliyinin təmin olunması baxımından yaxşı imkanların olduğunu deməyə əsas verir”.
Məşhur Məmmədov həyata keçirilən işlərdən danışarkən bir məqamı da qeyd edib:
“Bu gün Azərbaycan bərpa-quruculuq işlərini öz maliyyə imkanları hesabına həyata keçirir. Təsadüfi deyil ki, bu vaxtadək 4,4 milyard manat vəsait məhz bərpa-quruculuq üçün ayrılıb. Təbii ki, təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılacağı istisna deyil. Əsas məqsəd azad olunmuş torpaqlarda təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafı təmin etməkdir. Həyata keçirilən kompleks tədbirlər uğurlu işlər ortaya qoyur”.