Mayın 10-u Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın və dövlətin inkişafında mühüm rol oynamış bir lideri vardır. Xalqına liderlik etmək təkcə hakimiyyətdə olmaq deyil, siyasi lider xalqın dəstəyindən güc almaq, sabitliyi, həmrəyliyi, inkişafı və tərəqqini təmin etməkdir.
Azərbaycan xalqı bu baxımdan şanslı və xoşbəxtdir desək yanılmarıq. Çünki xalqımızın arzusu, istəyi və amalı olan müstəqillik məhz lider fenomeni sayəsində qorundu, yaşadı və inkişaf etdi. İnkaredilməz həqiqətdir ki, Azərbaycanın 1991-ci ildə əldə etdiyi müstəqilliyi formal xarakter daşıyırdı. Yəni Azərbaycan siyasi iradə sahibi deyildi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdi. Respublikanın o vaxtki rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Azərbaycan respublikasının ərazilərinin işğalı günü-gündən genişlənirdi. Siyasi vəziyyət daha da dərinləşir, vətəndaş müharibəsi təhlükəsi yaranırdı. Azərbaycanda yaranmış siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, daxili böhran müstəqilliyimizi sual altında qoymuşdur. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndərin ölkənin gələcəyi ilə bağlı olan baxışları xalqı onun ətrafında birləşməsinə səbəb oldu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və peşəkarlığı Azərbaycan Rüspublikasının müstəqilliyini xilas etdi. O dövrdə Yeni Azərbaycan Partiyası ilk addımlarını atırdı. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalq əmin oldu ki, artıq Azərbaycanı doğru yola çıxaracaq siyasi qüvvə mövcuddur və bu siyasi qüvvəyə görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərlik edir.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan inkişaf etməyə qədəm qoydu. Cəbhədə atəşkəs elan olundu, dağılmış ordunun yenidə qurulması üçün addımlar atıldı, iqtisadiyatımız dirçəlməyə başladı. Hedər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanı dünya miqyasında tanıtması oldu. Ümummilli lider ömrünün sonuna qədər Azərbaycanı inkişaf etdirmək naminə əlindən gələni əsirgəmədi.
Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuzlu bir mövqeyə sahibdir. Siyasi və iqtisadi sahələrdə mühüm irəliləyişlərə nail olan Azərbaycanın bugünki uğurları Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü ağıllı siyasətin nəticəsidir.

Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri