Modern.az

“Türkiyədən izahat istəməyə haqqımız yoxdur”

 “Türkiyədən izahat istəməyə haqqımız yoxdur”

Aktual

18 Mart 2013, 21:13

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də Van-Yerevan aviareysinin açılmasına münasibət bildirib. Partiya rəsmisi Modern.az-a açıqlamasında deyib ki, bu məsələyə Azərbaycanda fəaliyyət göstərən müxtəlif yönümlü siyasi partiyaların (iqtidar və müxalifət) eyni münasibəti – Türkiyənin ittiham edilməsi təəssüf doğurur: “Çünki siyasi münasibətlərin nizama salınmasında bütün sorğular və təzyiqlər Türkiyəyə yönəldilir. Həm də unutmaq olmaz ki, Türkiyə dünyanın super dövlətləri tərəfindən uydurulmuş erməni soyqırımı ilə təhdid edilməkdədir.

Siyasi partiya təmsilçilərinin dediklərinin əksinə olaraq biz Türkiyədən izahat istəyə bilmərik. Ona görə ki, respublikamızın istər ərazi bütövlüyü məsələsində olsun, istər dövlət müstəqilliyində, istərsə də digər mühüm məsələlərdə dünyada yeganə dəstəkçisi Türkiyədir.

Qəribədir ki, iqtidar və müxalif siyasi partiyalar artıq neçə illərdir Azərbaycanın ərazi bütövlüyünü tanımayan, işğalçı Ermənistana dəstək verən ABŞ, Böyük Britaniya, Fransa və s. dövlətlərdən izahat tələb etmir. Daim ölkəmizin yanında olan Türkiyəyə isə belə münasibət göstərilir”.

M.Rəhimli daha sonra deyib: “Bizim Türkiyədən izahat tələb etməyə həm də ona görə haqqımız yoxdur ki, Türkiyə ilə çox gərgin münasibətdə olan İsraillə yaxşı münasibətlərimiz var. Və Türkiyə bizdən heç vaxt bununla bağlı hesabat tələb etməyib.

Siyasətin görünən və görünməyən tərəfləri vardır. Əsl siyasətçi onun görünməyən tərəflərini nəzərə almağı bacarmalıdır. Buna görə də biz özümüzü bu məsələdə təmkinli aparmalı, isterikaya qapılmamalıyıq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı