
“Muğanbank” ASC YAP-ın Nərimanov rayon təşkilatı ilə birgə Bakı şəhəri Xətai rayonu 3 saylıuşaq evində Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.
Tədbirdə iştirak edən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov Novruz bayramı münasibətilə uşaqları təbrik etmiş, bu bayramın həyatımızda və məişətimizdəki yeri və mövqeyi haqqında ətraflı məlumat vermişdir. Şaiq Ələkbərov Muğanbank tərəfindən 3 saylı Uşaq evində keçirilən aksiyaların davamlı xarakter aldığını xatırladaraq, bu aksiyasının hər bir bank əməkdaşının səmimiyyətindən və qəlbindən gəldiyini xüsusi vurğulamışdır. Natiq ölkəmizdə Prezident İlham Əliyev cənabları tərəfindən aparılan quruculuq işlərini qeyd etmiş, dövlətimizin banklara olan xüsusi diqqət və qayğısını aksiya iştirakçılarının nəzərinə çatdırmışdır.
YAP-ın Nərimanov rayon təşkilatının nümayəndəsi Nizami Babaşov Novruz bayramı münasibətilə Uşaq evinin sakinlərinə öz ürək sözlərini çatdırmış, bayramın milli özünədərk baxımından əhəmiyyətindən danışmışdır. Natiq keçirilən tədbirin bayram əhval ruhiyyəsinin artmasına xidmət etdiyini, körpələrin sevincli anlar yaşamasından məmnunluğunu gizlətməmişdir.
Uşaq evinin direktoru Məhbubə Hüseynova göstərilən qayğıya görə bütün kollektiv adından “Muğanbank” ASC-nin rəhbərliyinə və YAP nümayəndələrinə təşəkkür etmişdi. M.Hüseynova uşaqların “Muğanbank” ASC-nin ənənəvi aksiyalarına səmimi münasibətini çatdırmış və bank işçilərinin Uşaq evinə davamlı baş çəkdiyini yüksək qiymətləndirmişdir.
Sonra bankın əməkdaşları və YAP nümayəndələri uşaqlara bayram sovqatı, hər bir uşaq üçun hazırlanmış bayram şirniyyatları ilə bəzədilmiş xonçalar, müxtəlif hədiyyələr və yay geyim dəstləri təqdim etmişlər.
Daha sonra uşaqlar xüsusi təşkil olunmuş avtobuslarla “Smile City” əyləncə mərkəzinə gətirilmiş, orada şən klounların və sehrbazın iştirakı ilə oyunlar, müsabiqələr, mahnı və rəqslərdən ibarət Novruz şənliyi təşkil olunub, uşaqlar üçün ləziz yeməklərlə bəzənmiş süfrə açılıb. Uşaqlar əyləncə mərkəzində şənlənib və sevinc hissləri keçiriblər.